AZ

2030-cu ilədək məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı iki dəfədən çox artacaq

Bakı, 24 dekabr, AZƏRTAC

2030-cu ildə qlobal miqyasda məlumat mərkəzlərini təchiz etmək üçün qlobal elektrik enerjisi istehsalının 1000 teravat/saatı ötəcəyi proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, məlumat mərkəzlərini təchiz etmək üçün qlobal elektrik enerjisi istehsalı baza variantında 2024-cü ildəki 460 teravat/saatdan 2030-cu ildə 1000 teravat/saatı və 2035-ci ildə isə 1300 teravat/saatı ötəcək. Növbəti 5 il ərzində bərpaolunan enerji mənbələri əlavə tələbatın təxminən yarısını təmin edəcək, daha sonra təbii qaz və kömür ən böyük paya malik olacaq. Bu onilliyin sonuna və sonrakı dövrlərə doğru isə nüvə enerjisi getdikcə daha vacib rol oynamağa başlayacaq.

Məlumata görə, təxminən 30 faiz paya malik kömür ən böyük elektrik enerjisi mənbəyidir. Bərpaolunan enerji mənbələri - əsasən külək, günəş stansiyaları və hidroenerji hazırda qlobal miqyasda məlumat mərkəzləri tərəfindən istehlak edilən elektrik enerjisinin təxminən 27 faizini təmin edir. Təbii qaz bu tələbatın 26 faizini, nüvə enerjisi isə 15 faizini ödəyir.

Qeyd olunur ki, bərpaolunan enerji mənbələri məlumat mərkəzləri üçün ən sürətlə böyüyən elektrik enerjisi mənbəyi olaraq qalır. Belə ki, ümumi istehsal 2024-2030-cu illər arasında illik orta hesabla 22 faiz artaraq məlumat mərkəzlərinin elektrik enerjisi tələbatındakı artımın təxminən 50 faizini qarşılayacaq. Bu artım əsasən dünyanın enerji sistemlərində külək və günəş stansiyalarının artması ilə əlaqədardır. Təbii qaz və kömürün birlikdə 2030-cu ilə qədər məlumat mərkəzlərindən əlavə elektrik enerjisi tələbatının 40 faizdən çoxunu təmin edəcəyi gözlənilir.

Məlumat mərkəzləri üçün elektrik enerjisi istehsalından yaranan karbon emissiyalarının 2030-cu ilə qədər təxminən 320 milyon tona çatacağı, 2035-ci ilədək təxminən 300 milyon tona düşəcəyi gözlənilir.

Seçilən
36
1
azertag.az

2Mənbələr