AZ

Memar: Yerli və xarici memarların birgə fəaliyyət dövrü başlayacaq

Bakı, 24 dekabr, Günel Türksoy, AZƏRTAC

2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan olunması növbəti ildə Azərbaycanda memarlıq və şəhərsalmanın bütün sahələrinin inkişafına gətirib çıxaracaq. Dövlət tərəfindən tikinti işlərində yeni format tətbiq olunacaq, yəni bu sahəyə daha çox maliyyə və diqqət ayrılacaq. Bütün qurumların fəaliyyət göstərdiyi binaların fasadlarının yeni formatda dəyişdirilməsi, yenidənqurulması, ərazilərində yaşıllıq sahələrinin zənginləşdirilməsi, bütövlükdə abadlıq işlərinin genişləndirilməsi və özəl sektorda tikililərin layihələrində yeniliklər olacaq. Söhbət tikililərin artmasından deyil, yeni dövr üçün yanaşma tərzinin tətbiq olunmasından gedir. Ən əsas da işğaldan azad edilmiş torpaqlarımızda iş sürətləndirilməklə yanaşı, bu ərazilərin coğrafi şəraitinə, relyefinə görə yaşıl şəhər, qəsəbə, kənd və məhəllələrin, park və xiyabanların, seyrangahların artması müsbət yeniliklər kimi yadda qalacaq.

Bunu AZƏRTAC-a açıqlamasında tanınmış memar, türkdilli ölkələrin Elmlər Akademiyasının professoru Cahid Həsənov deyib.

Memar qeyd edib ki, yaşıl şəhər dedikdə, təkcə yaşıllıq zonalarının çoxalmasından söhbət getmir, yəni memarlar bu stil altında hər hansı bir kiçik həcmli tikilinin də rəng seçimində ciddi dəyişikliklər etməlidirlər, tikililərlə təbiətin harmoniyasını yaratmalıdırlar.

O vurğulayıb ki, Azərbaycan memarlığının inkişafında özəl sektorda çalışan memarların da üzərinə böyük məsuliyyət düşür:”Ölkəmizdə tarixi memarlıq abidələrinin bərpasının artımında yeniliklər olacaq. Ən əsas yenilik yeni layihələr dövrünün başlamasıdır. On minlərlə memar, dizayner, mühəndis və layihəçi üçün sifarişlərin çoxalması nəticəsində iş yerlərinin sayı da artacaq. Rəqabət nəticəsində daha zəngin və gözəl layihələr meydana çıxacaq. Bunun nəticəsində özəl memarlıq firmalarımızın layihələrinə artıq əlaqədar qurumlar tərəfindən qapılar açılacaq, fərqli şəkildə yeni kreativ layihələr dövrü olacaq”.

Cahid Həsənov, həmçinin bildirib ki, respublikamızda memarlıq və şəhərsalma ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi böyük nailiyyətdir. “Dünya memarları WUF-13 tədbirində iştirak edəcəklər. Beləliklə, yerli və xarici memarların birgə fəaliyyət dövrü başlayacaq. Əlaqələr, yeni layihələr və bu müstəvidə onilliklərlə davam edəcək yeni işlər olacaq. Bu konteksdə növbəti dövr üçün respublikamıza turist axınının sayı da çoxalacaq”.

Seçilən
36
1
azertag.az

2Mənbələr