AZ

İsrail Suriyanı zəif saxlamaq istəyir: Türkiyə isə bu planı pozmağa hazırlaşır ŞƏRH

ain.az, Sherg.az saytına istinadən bildirir.

Ankara Suriyada qalmaqda israrlıdır, Türkiyə ordusu Suriya ordusuna havadan və qurudan dəstək verəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyə-Suriya münasibətlərinin son bir ildəki gedişatını qiymətləndirmək məqsədilə Dəməşqə səfər ediblər. Mühüm səfər Türkiyənin SDF/YPG terror təşkilatına Suriya ordusuna inteqrasiya ilə bağlı verdiyi son tarixdən bir neçə gün əvvəl baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti Suriya Prezidenti Əhməd Şara və digər yüksək vəzifəli Suriya rəsmiləri ilə görüşlər keçirib. Danışıqlardan sonra xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə birgə keçirilən mətbuat konfransında açıqlamalar verib. Nazir Fidan bir daha SDF-ni Suriya hökumətinə inteqrasiya olunmağa çağırıb. Fidan bildirib ki, Türkiyə Suriyanın sabitliyinə xüsusi əhəmiyyət verir və bu istiqamətdə hər cür yardım və əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi həssaslıqla yanaşır. Nazir eyni zamanda Türkiyənin İsrail ilə Suriya arasında danışıqların müsbət nəticələnməsini istədiyini vurğulayıb və bunun həm regionun, həm də Suriyanın sabitliyi baxımından son dərəcə vacib olduğunu qeyd edib. Hakan Fidan İsrailin ekspansionist siyasət yürütmək əvəzinə, region ölkələri ilə qarşılıqlı anlaşma əsasında razılaşmaya gəlməsinin regional sabitliyə və qlobal təhlükəsizliyə töhfə verəcəyini bildirib.

Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə nümayəndə heyətinin tərkibinə və səfərin zamanına diqqət etsəniz, bu səfərin məqsədi son zamanlar baş verən hərbi-siyasi hadisələr fonunda daha da aydınlaşır. Ekspert vurğulayıb ki, Suriyanın birliyi və bütövlüyü, eyni zamanda sabitliyinə çox böyük təhlükə yaradan İsrail amili var: "İsrail ölkə daxilində bəzi etnik və terrorçu qruplaşmalardan istifadə etməklə Suriyada əmin-amanlığı, sabitliyi və ərazi bütövlüyünü pozmaq istəyir. Bu kontekstdə, təbii ki, İsrailin geosiyasi maraqlarını təmin etməklə, İsrailin güclənməsinə maneə törətmək istəyirlər. Çünki özünü bərpa edən, inkişaf edən və güclü bir Suriya hər zaman İsrail üçün bir təhdid obyekti kimi görünəcək. Belə məqamda Türkiyənin hərbi cəhətdən Suriyaya ciddi dəstəyi olduqca mühümdür. Perspektivdə, təhlükəsizlik baxımından Türkiyə Suriyada ciddi şəkildə varlığını davam etdirəcək. O cümlədən, institusional şəkildə Suriya ordusunun formalaşması və təchizatına ciddi töhfələr veriləcək". 

Analitikə görə, əslində, İsraili narahat edən məqamlar bunlardır: "Ona görə də Suriyanı daim zəif saxlamaq üçün etnik qruplar üzərindən müəyyən tələblər, parçalama xarakterli hadisələr müşahidə olunur. Eyni zamanda terrorçu qruplar da Suriya mərkəzi dövlətinə qarşı stimullaşdırılır. Onlardan biri də PKK-nın Suriya qolu olan YPG terrorçularıdır. ABŞ onlara "demokratik" don geyindirərək "Suriya Demokratik Qüvvələri" (SDQ) kimi təqdim etmək istəyir. Amma hamıya məlumdur ki, bunlar terrorçu ünsürlərdir. ABŞ bu terrorçu ünsürlərdən həm Suriyada geosiyasi varlığını qorumaq, həm də İŞİD-ə qarşı mübarizə kontekstində istifadə edir. Türkiyə nümayəndə heyətinin bu səfərinin əsas məqsədlərindən biri də SDQ deyilən PKK-nın Suriya qolu olan ünsürlərə qarşı keçiriləcək hərbi əməliyyatları müzakirə etməkdir. Çünki bu ilin mart ayında bu terrorçu ünsürlərlə Suriya mərkəzi hökuməti arasında razılaşma imzalanmışdı və bu razılaşma ilin sonunda başa çatır. Razılaşmaya əsasən, hərbi qruplaşmaların ləğvi, silahların təhvil verilməsi və Suriya ordusuna inteqrasiya nəzərdə tutulur. Amma bu anlaşmaya baxmayaraq, ABŞ-dən yardım gözlənilməsi və İsrailin müdafiəsinə bel bağlamaqla Suriya mərkəzi hökumətinə qarşı müqavimət göstəriləcəyini düşünürlər. Artıq verilmiş zaman bitmək üzrədir. Suriya və Türkiyə hökumətləri ciddi xəbərdarlıqlar ediblər. Müəyyən hərbi hazırlıqlar da görülüb. Düşünürəm ki, bu səfər zamanı hərbi əməliyyatlar, əməkdaşlıq, Türkiyə hərbi bazalarının Suriyada yerləşdirilməsi kimi strateji məsələlər müzakirə olunacaq. Əgər SDQ silahı yerə qoymasa və inteqrasiyanı qəbul etməsə, qısa müddətdə hərbi əməliyyatlar başlaya bilər. Türkiyə ordusu bu əməliyyatda Suriya ordusuna həm havada, həm quruda, həm də müdafiə və elektron müharibə sistemləri ilə dəstək verəcək. Bu strateji məsələləri müzakirə etmək üçün Türkiyə dövlətinin əsas strukturlarının rəhbərləri Suriya səfərindədir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
sherg.az

1Mənbələr