Prezident Administrasiyasından bildirilib ki, İlham Əliyev iş qrafikinin sıxlığına görə tədbirdə iştirak edə bilməyəcək. Yada salaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdi.
Bəzi media resurslarında Azərbaycanın MDB-dən çıxa biləcəyi haqda ehtimallardan yazarkən dekabrın 23-də Minskdə Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçirilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, iclasın əsas mövzusu Tacikistanın 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrliyinin yekunlarına həsr olunub. Tacikistanın MDB-də daimi səlahiyyətli nümayəndəsi Baxtovar Səfərzoda deyib ki, ilin əsas hadisəsi oktyabrın 10-da Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının, habelə Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının iclasları olub. "Bu görüşlər qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini və Birlik ölkələrinin razılaşdırılmış həll yollarını hazırlamağa hazır olduğunu təsdiqləyib", - diplomat vurğulayıb. O, iqtisadi sahədə də mühüm sənədlərin qəbul edildiyini xatırladıb.
"Tacikistanın sədrliyi bütün MDB ölkələrinin birgə səylərinin, etimadın və praktiki əməkdaşlığın möhkəmləndirilməsinin, regionda inteqrasiya proseslərinin gələcək inkişafı üçün möhkəm zəmin yaradılmasının nəticəsidir. Tacikistan Respublikası MDB məkanında çoxtərəfli əməkdaşlığın, davamlı inkişafın və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir", - səfir yekunda qeyd edib.
Daimi Nümayəndələr Şuranın bir il ərzində gördüyü işlərə də yekun vurdular. Bəxtovar Səfərzodanın sözlərinə görə, Daimi Nümayəndələr Şurasının 2025-ci ildə fəaliyyəti onun Əsasnaməsinə və illik iş planına uyğun olaraq həyata keçirilib. Ötən dövr MDB İcraiyyə Komitəsi ilə Daimi Nümayəndələr Şurası arasında əməli əməkdaşlığın güclənməsi ilə səciyyələnir.
Bəxtovar Səfərzoda vurğulayıb ki, gələn il Daimi Nümayəndələr Şurasının səyləri MDB çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlər üzrə təkliflərin müzakirəsinə və işlənib hazırlanmasında iştiraka, gündəlik layihələrin hazırlanmasına yönəldiləcək. İclasda Azərbaycanı Belarusdakı səfir Məhərrəm Əliyev təmsil edib. M.Əliyev 2023-cü ilin dekabrından Azərbaycanı Belarusda təmsil edir. Bu təyinata qədər Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsini tuturdu.