AZ

Yeni nəsil duyğunu smaylik ilə ifadə edir, kədəri “status”a yükləyir, sevinci “like” sayı ilə ölçür

Bir vaxtlar uşaqlar ata-analarının baxışından, danışığından, susmağından öyrənirdi həyatı. İndi isə yeni nəsil gözlərini ekrandan ayırmadan böyüyür, barmaqları şüşə üzərində sürüşür, suallarını anaya yox, süni intellektə verir. Valideynlərin səsi getdikcə arxa planda qalır, alqoritmlərin pıçıltısı isə əsas müəllimə çevrilir.

Bu nəsil duyğunu smaylik ilə ifadə edir, kədəri “status”a yükləyir, sevinci “like” sayı ilə ölçür. Onlar qərar verməyi düşünməkdən yox, tövsiyə alan sistemlərdən öyrənirlər. Süni intellekt cavab verir, amma hiss etmir; istiqamət göstərir, amma məsuliyyət daşımır. Buna baxmayaraq, gənclər üçün o, ən səbirli dinləyici, ən sürətli məsləhətçi, ən səssiz valideyn olub.

Ən təhlükəlisi isə budur: süni intellekt səhv etmədiyi üçün gənclərə səhv etməyin dəyərini öyrətmir. Halbuki insanı insan edən məhz yanılmaq, peşman olmaq, bağışlanmaqdır. Valideyn övladına təkcə düzgün yolu yox, büdrəyə-büdrəyə ayağa qalxmağı da öyrədir. Alqoritm isə həmişə “ən optimal” yolu seçir, amma həyat heç vaxt optimal olmur.

Bu gün gənclər valideynlərinə bənzəmək istəmirlər, çünki valideynlər köhnə dövrün insanları kimi görünür. Amma unutduqları bir həqiqət var: süni intellekt onları gələcəyə hazırlayır, valideynlər isə həyata. Biri məlumat verir, digəri dəyər. Biri cavab tapır, digəri insan yetişdirir.

Əgər bu tarazlıq itərsə, gələcəkdə biz texnoloji cəhətdən mükəmməl, amma emosional cəhətdən yetim bir nəsillə üz-üzə qala bilərik. Valideynlərinə yox, süni intellektə bənzəyən gənclər… Ağıllı, sürətli, amma bəlkə də bir az soyuq. İnsana xas olan istiliyi isə yenidən axtarmalı olacaqlar, çox gec olmadan.

Müəllif: Günay Hacıyeva
Seçilən
7
1
sia.az

2Mənbələr