AZ

“Kənd toyuğu” fırıldağı: Alıcılar necə aldadılır?

Son dövrlər qida təhlükəsizliyi sahəsində narahatedici hallardan biri kimi bazarlarda və satış məntəqələrində “kənd toyuğu” adı altında istehlakçıların aldadılması faktlarının artması göstərilir.

Nəzarət orqanlarının apardığı yoxlamalar zamanı bəzi satıcıların broyler toyuqlarını “kənd toyuğu” kimi təqdim etmək məqsədilə mənşəyi və tərkibi məlum olmayan rəngləyici maddələrdən istifadə etdiyi, toyuqların dərisinin və ayaqlarının süni şəkildə sarımtıl və tünd rəngə salındığı aşkarlanıb. Bu cür hallar həm istehlakçı hüquqlarının kobud şəkildə pozulması, həm də ciddi sağlamlıq riskləri deməkdir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert Rasim Əliyev bildirir ki, bu cür hallara yol verən şəxsləri qanunvericilikdə kifayət qədər ciddi cəzalar gözləyir:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, istehlakçıların aldadılması, mənşəyi və tərkibi düzgün göstərilməyən qida məhsullarının satışı inzibati məsuliyyət yaradır və iri məbləğdə cərimələrlə nəticələnə bilər. Əgər istifadə olunan boyaların insan sağlamlığı üçün təhlükəli olduğu sübuta yetirilərsə, bu zaman artıq məsələ cinayət məsuliyyəti müstəvisinə keçə bilər. Belə hallarda satış obyektinin fəaliyyəti məhdudlaşdırıla, hətta bağlana da bilər”.

Rasim Əliyevin sözlərinə görə, “kənd toyuğu” ilə broyler toyuğu arasında bir sıra açıq fərqlər var və alıcılar bunlara diqqət yetirməlidir:

“Kənd toyuqları adətən daha hərəkətli olur, əti sərt və liflidir, bişirildikdə uzun vaxt tələb edir və bulyonu daha tünd rəngli olur. Broyler toyuqları isə qısa müddətdə yetişdirildiyinə görə əti yumşaq, sulu və tez bişən olur. Rəng məsələsinə gəlincə, təbii kənd toyuğunun dərisi qeyri-bərabər rəngli olur və süni parıltı vermir. Həddindən artıq sarı və ya tünd narıncı rəng isə şübhə doğurmalıdır”.

Eyni problemlə yumurta satışında da tez-tez rastlaşılır. Qida eksperti bildirir ki, yumurtanın qabığının rəngi onun kənd və ya fabrik mənşəli olmasını müəyyən etmir.

Kənd yumurtasının əsas fərqi sarısının daha tünd rəngli olması, dadının daha qabarıq hiss edilməsidir. Lakin burada da bəzi hallarda yem əlavələri vasitəsilə broyler yumurtalarının sarısı süni şəkildə tündləşdirilir. Bu səbəbdən təkcə rəngə güvənmək düzgün yanaşma deyil.

Məsələyə tibbi aspektdən yanaşan həkim-terapevt Aysel Şıxəliyeva NOCOMMENT.az-a bildirib ki, mənşəyi məlum olmayan boyalarla rənglənmiş toyuq əti insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Onun sözlərinə görə, bu cür maddələr allergik reaksiyalar, mədə-bağırsaq pozğunluqları, qaraciyər və böyrək yüklənməsi kimi fəsadlara səbəb ola bilər:

“Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün bu risklər daha yüksəkdir”.

Həkim vurğulayır ki, qida məhsulunun üzərində kəskin və qeyri-təbii rəng dəyişiklikləri varsa, belə məhsuldan istifadə etmək qətiyyən tövsiyə olunmur:

“Alıcılar ilk növbədə etibarlı satış nöqtələrinə üstünlük verməli, məhsulun mənşəyi ilə maraqlanmalı və mümkün olduqda baytarlıq arayışını tələb etməlidirlər. Toyuq əti kəsildikdən sonra əlinizə və suya boya buraxırsa, bu artıq təhlükəli siqnaldır. Yumurtalarda isə həddindən artıq tünd və parlaq sarı rəng də diqqətli olmağı tələb edir”.

Seçilən
31
nocomment.az

1Mənbələr