AZ

Ramin Məmmədov: Sahib olduğumuz dövlət-din münasibətləri modeli humanist dünyagörüşünün əyani təzahürüdür

Bakı, 24 dekabr, AZƏRTAC

Bizim Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olub. Bu coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir. Qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 24-də keçirilən Azərbaycan Din Xadimlərinin ikinci Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda, sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir. Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir.

Seçilən
20
azertag.az

1Mənbələr