AZ

Ombudsman: “Dini abidələr məhv edilib, qəbiristanlıqlarda minalar basdırılıb”

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədər mühüm tədbirlər həyata keçirməkdədir. Belə ki, Azərbaycan son iilər bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib: “İnanıram ki, bugünkü Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası effektiv dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsipləri əsasında daha səmərəli təmini sahəsində mövcud müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaqdır. Məlumdur ki, yola saldığımız 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdi. İnsan hüquq və azadlıqlarının ali təminatçısı olan və bu il qəbul olunmasının 30-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını əsas dəyər kimi təsbit etdi, ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üçün hüquqi baza rolunu oynadı. Dünyəvi dövlət olan Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilib, bütün dini etiqadların qanun qarşısında bərabər olması, hər kəsin vicdan azadlığına malik olması, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməməsi və buna görə təqsirləndirilə bilməməsi kimi normalar Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyamızın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsində də dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi qeyd olunub”. Ombudsman əlavə edib ki, milli qanunvericilikdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağan olunub: “Vurğulamaq istərdim ki, dini mənsubiyyətlə bağlı qeyd edilənlər Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiqi müşahidə edilən məsələlərdir. Ölkəmizdə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlara dövlət tərəfindən davamlı olaraq dəstək göstərilməsi, multikulturalizmin mənəvi irsimizi zənginləşdirən bir amil kimi təbliğ edilməsi də özü-özlüyündə bu sahəyə töhfə verməkdədir. Bu il həmçinin Vətən müharibəsində qazandığımız parlaq Zəfərin 5-ci ildönümünü təntənəli olaraq qeyd etdik. Artıq suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş ölkəmizdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurda yeni bir dirçəliş abı-havası hökm sürür. Uzun illər hüquqları kobudcasına pozulmuş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və fundamental hüquqlarının bərpası hər birimizi sevindirir. Lakin təəssüflə qeyd etmək istərdim ki, 30 ilə yaxın davam etmiş Ermənistan işğalı dövründə digər infrastruktur obyektləri ilə bərabər, azərbaycanlılara məxsus olan dini abidələr, qəbiristanlıqlar da dağıdılmış və təhqirə məruz qalıb. Hazırda həmin məscidlərin və digər dini abidələrin yenidən qurularaq istifadəyə verilməsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət ayrılması xalqımızın əsrlərdir yaşatdığı dini inanclarına ehtiramın göstəricisidir. Artıq Azərbaycan dünyada humanitar təşəbbüslər, dini abidələrin inşasına göstərdiyi dəstəklə də tanınır və bu sahədə Heydər Əliyev Fondunun xüsusi rolu olub. Bugünkü Forumda iştirak edən xarici qonaqların, dini konfessiyaların nümayəndələrinin diqqətinə çatdırmaq istərdim ki, erməni işğalı dövründə məscidlərin, dini abidələrin demək olar ki, hamısı dağıdılaraq məhv edilmiş, təhqirlərə məruz qalmış, qəbiristanlıqlarda kütləvi şəkildə minalar basdırılıb. Ombudsman təsisatı olaraq, məscidlərin, dini abidələrin və qəbiristanlıqların erməni vandalizm aktlarına məruz qalmalarını əks etdirən faktları aidiyyəti hesabatlarımızda əks etdirərək dünya ictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırmışıq. Eyni zamanda paytaxt və regionları əhatə etməklə, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, dini icmalarla əməkdaşlıqda insan hüquqlarının müxtəlif aspektləri, o cümlədən dini tolerantlıq, multikulturalizm, vicdan azadlığı, dinlərin sülhə töhfəsi və digər mövzularda davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirməkdəyik. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin müdrik hərbi-diplomatik siyasəti nəticəsində regionda sülhün bərqərar olunması və bununla da insan hüquqlarının inkişafı istiqamətində mühüm addımlar atılıb. Əldə olunan bu kimi nəticələr ölkəmizi regional və qlobal müstəvidə sülh, təhlükəsizlik və humanitar əməkdaşlığın təşviqinə yönələn təşəbbüslərin fəal iştirakçısına çevirib”. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
1
azvision.az

2Mənbələr