AZ

Növbəti il kirayə mənzil bazarında bahalaşma davam edəcək? - Ekspertdən AÇIQLAMA

Son illər kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur. Bu artımın bir neçə əsas səbəbi var. Başlıca amillərdən biri odur ki, kirayə qiymətləri, adətən, mənzilin satış dəyərinin təxminən 0,5 faizi həcmində formalaşır. Yəni, bir mənzilin satış qiyməti 100 000 manatdırsa, onun aylıq kirayə haqqı orta hesabla 500 manat təşkil edir. Son dövrlərdə əmlak bazarında mənzillərin satış qiymətlərinin kəskin yüksəlməsi, xüsusilə də kirayə qiymətlərinin artmasına birbaşa təsir göstərib.Əmlak eksperti Elnur Fərzəliyev mənzil bazarında kirayə qiymətləri ilə bağlı növbəti dövrlərin proqnozlarından Missiya.Az-a danışıb.

"Məsələ ilə bağlı digər mühüm səbəb isə 2016-cı ildən etibarən Bakı şəhərində istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli binaların və fərdi yaşayış evlərindən ibarət massivlərin sökülməsidir. Bu ərazilərin bir hissəsi yeni tikililərlə əvəz olunur, digər hissəsi isə dövlət ehtiyacları üçün — parkların salınması və yeni avtomobil yollarının çəkilişi məqsədilə istifadə edilir. Nəticədə həmin ərazilərdə mövcud olan kirayəlik mənzillər birdəfəlik olaraq bazardan çıxır",-ekspert bildirib.

Elnur Fərzəliyevin sözlərinə görə, artıq Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planı təsdiqlənib. Bu plan onu deməyə əsas verir ki, növbəti illərdə paytaxt ərazisində yüzlərlə köhnə çoxmənzilli yaşayış binası və fərdi yaşayış evi söküləcək. Halbuki, vətəndaşlar üçün daha əlçatan qiymətə təklif olunan kirayə mənzillər məhz bu köhnə binalarda və fərdi yaşayış evlərində yerləşirdi. Onların sökülməsi ucuz kirayəlik mənzillərin bazardan çıxması ilə nəticələnir. Eyni zamanda, köhnə binaların yerində inşa edilən yeni çoxmənzilli yaşayış binalarında kirayə qiymətləri əvvəlki tikililərlə müqayisədə orta hesabla iki dəfəyə qədər daha baha olur. Bundan əlavə, evləri sökülən mənzil sahibləri yeni tikililərdə mənzillərlə təmin olunana qədər adətən 2–3 il müddətində kirayə evlərdə yaşamaq məcburiyyətində qalırlar. Bu da kirayə mənzil bazarında tələbin daha da artmasına səbəb olur. Bütün bu amillər göstərir ki, yaxın gələcəkdə söküntülərin artması paytaxtda kirayə qiymətlərinin daha da yüksəlməsinə gətirib çıxara bilər.

"Təbii ki, hər bir problemin çıxış yolu olduğu kimi, bu məsələnin də həlli variantları mövcuddur. Xüsusilə nəzərə alaq ki, kirayə mənzillərdə yaşayan əhalinin böyük bir hissəsini tələbələr təşkil edir. Əgər gələcəkdə köhnə tələbə yataqxanaları sökülərək onların yerində daha müasir, daha hündürmərtəbəli yeni yataqxanalar inşa olunarsa, bu tələbələrin əhəmiyyətli bir qisminin mənzil problemini həll etmiş olar. Tələbələrin yataqxana ilə təmin edilməsi kirayə mənzil bazarında müəyyən boşluq yarada bilər ki, bu da öz növbəsində kirayə qiymətlərinin stabilləşməsinə müsbət təsir göstərə bilər",-E.Fərzəliyev əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr