“Sabah” mövsümün ilk yarısını qış çempionluğu kimi başa vurdu.
Lakin komandanın baş məşqçisi Valdas Dambrauskasın matç sonrası mətbuat konfransında dediyi kimi - qış çempionluğuna görə medal vermirlər.
Bəli, bu sadəcə, mövsümün ilk yarısındakı performansa verilən qeyri-rəsmi qiymətdir. Mövsümün ikinci yarısı tam fərqli ola bilər.
Müsbət olan Dambrauskasın bunun yaxşı başa düşməsidiri. Elə futbolçularına da bunu yaxşı aşılaya bilib.
Yoxsa ilin son oyununda Sumqayıt kimi çətin səfərdə bu qədər ürəkdən mübarizə aparmazdılar. Oyuna baxan heç kim bu “Sabah”ın cəmi 3 gün öncə “Qarabağ” kimi rəqiblə çətin oyun keçirdiyini deməzdi.
Yalnız ikinci hissənin yarısından sonra nisbətən yorğunluq özünü göstərməyə başladı ki, hətta bundan sonra da “Sabah” üstünlüyü rəqibə vermədi.
Bu gün bu komanda çox yaxşı formalaşıb. Skaut komandası öz işinin öhdəsindən çox yaxşı gəlib.
Komandanın sükanı arxasında dayanan Dambrauskas isə bu keyfiyyətli futbolçulardan baxımlı oyun nümayiş etdirən yaxşı komanda formalaşdırıb.
Fikrimcə çempionatın ilk yarısına baxsaq, “Sabah” layiq olduğu yerdə qərarlaşıb. Bir neçə “qəzalar”ı nəzərə almasaq, “Sabah” mövsümün ilk yarısını çox yüksək səviyyədə keçirdi.
Çempionluq uğrunda mübarizə? Bu barədə danışmaq tezdir.
Hətta onu qeyd etməliyəm ki, komanda bu templə davam etsə, sonda çempion olmasa belə ən xoş sözlərə layiqdir.
Həm də ki, “Qarabağ”ı taxtdan salmaqla bağlı danışarkən hər şeyə real nəzər yetirmək lazımdır.
Bu gün “Sabah” özündən aşağı büdcəli komandalardan geri qalanda buna görə tənqid olunursa, mövsümün sonunda büdcə baxımından özünü sütələyən “Qarabağ”dan geri qalması qınanmamalıdır.
Üstələsə, bu artıq boyundan yuxarı tullanmaqdır. Hələliksə “Sabah” bunu bacarır... Sabah necə olacaq? Bunu mövsümün sonunda görəcəyik...
OSMAN