Şəki, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak etmişəm, yaralanmışam. İndiyədək bir çox reabilitasiya xidmətləri almışam. Şəki Reabilitasiya Mərkəzi isə mənə çox doğmadır. Burada müharibə əlillərinə, müraciət edən şəxslərə öz doğmaları kimi yanaşırlar. Mərkəzin rəhbərliyi və əməkdaşları bizə isti münasibət göstərirlər. Onlar bizi sağlamlığımıza qovuşdurmağa çalışır, daim səhhətimizlə maraqlanırlar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İkinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup müharibə əlili Fuad Abbasov deyib.
Qarabağ müharibəsi qazisi bildirib ki, onlara çox yaxşı reabilitasiya xidmətləri göstərilir. Onun özü hər ay bu mərkəzdə fizioterapevtik üsullarla müalicələr alır, lazım olan prosedurlardan keçir, trenajorlardan, reabilitasiya vasitələrindən istifadə edir. “Yaradılan şəraitə görə dövlətimizə, burada çalışanlara minnətdarlığımı bildirirəm”,- deyə müharibə əlili vurğulayıb.