Alimlər ürək və damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilən sadə, lakin effektiv üsulu müəyyən ediblər.
Editor.az xəbər verir ki, Piroqov Universitetinin Ana və Uşaq Sağlamlığı İnstitutunun Fakültə Terapiyası şöbəsinin dosenti Fyodor Evdokimov açıqlamasında bildirib ki, aparılan tədqiqatlar qanda şəkər səviyyəsinə nəzarətin ürək xəstəlikləri riskini təxminən 50 faiz azaltdığını göstərir.
Onun sözlərinə görə, diabet ürək-damar xəstəlikləri olan şəxslərin vəziyyətini ağırlaşdıra və ciddi fəsadlara yol aça bilər. Lakin çox vaxt diqqətdən kənarda qalan bir məqam da var: şəkərli diabet diaqnozu qoyulmasa belə, qanda şəkərin normadan yüksək olduğu “pozulmuş qlükoza tolerantlığı” vəziyyəti.
“Hiperqlikemiyanın ürək-damar sisteminə mənfi təsir mexanizmi uzun illərdir məlumdur. Bu təsirin əsas səbəblərindən biri angiyopatiya və neyropatiyaların inkişafıdır. Qanda şəkərin yüksək olması damarların orqan və toxumaları lazımi qədər qanla təmin etmə qabiliyyətini zəiflədir, nəticədə oksigen və qida maddələrinin çatışmazlığı yaranır”, – deyə həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu proses stenokardiya, ürək ritm və keçiricilik pozuntuları, eləcə də beyin fəaliyyəti (yaddaş və diqqət zəifliyi), hiss orqanları, xüsusilə görmə ilə bağlı problemlərə səbəb ola bilər.
Fyodor Evdokimov əlavə edib ki, qlükoza tolerantlığı pozulduqda qanda şəkər səviyyəsi daim yüksək olmaya bilər, lakin patoloji mexanizm artıq işə düşmüş olur:
“Daimi olaraq qan şəkərinə nəzarət etməyin ürək xəstəlikləri riskini iki dəfə azaltdığı sübut edilib. Bu məlumat nə diabetli, nə prediabetli, nə də özünü tam sağlam hesab edən insanlar tərəfindən nəzərdən qaçırılmamalıdır”.
//Gülnarə Abasova, Editor.az