AZ

ABŞ Ali Məhkəməsi Trampa Çikaqoda Milli Qvardiyadan istifadə etməyə icazə verməyib

Məhkəmə administrasiyanın hazırkı mərhələdə belə bir səlahiyyətə malik olmadığını bildirib...

ABŞ Ali Məhkəməsi Vaşinqton administrasiyasına, prezident Donald Trampın rəhbərliyi altında, bu mərhələdə Çikaqoda (İllinoys ştatı) baş verən iğtişaşların qarşısını almaq üçün Milli Qvardiya qüvvələrinin cəlb olunmasına icazə verməyib.

Poliqon xəbər verir ki,bu barədə ABŞ-nin ali məhkəmə instansiyasının açıqladığı qərarda deyilir.

Qərarda vurğulanır ki, “araşdırmanın bu ilkin mərhələsində hökumət İllinoys ştatında qanunların icrasını hərbçilərə həvalə etməyə imkan verən səlahiyyət mənbəyini göstərə bilməyib”. Sənəddə qeyd olunur ki, Vaşinqton administrasiyasının bu cür addımları yalnız istisna hallarda mümkün ola bilər. Bununla yanaşı, Ali Məhkəmənin qərarı yekun xarakter daşımır və məsələ üzrə hüquqi baxış davam etdiriləcək.

Tramp administrasiyası Çikaqoya Milli Qvardiya döyüşçülərinin göndərilməsinə nail olmağa çalışır. Məqsəd şəhərdəki iğtişaşların qarşısını almaq, həmçinin ölkədən qeyri-qanuni miqrantların kütləvi deportasiyası ilə məşğul olan xidmət əməkdaşlarının təhlükəsizliyini təmin etməkdir. Lakin İllinoys qubernatoru Cey Robert Pritsker və Çikaqo meri Brendon Conson Milli Qvardiyanın bu vəzifələrə cəlb edilməsinə qəti şəkildə qarşı çıxırlar. Hər iki siyasətçi müxalif Demokrat Partiyasını təmsil edir və Vaşinqton administrasiyasını miqrantlara qarşı həddindən artıq sərt addımlarda ittiham edir.

Xatırladaq ki, oktyabr ayında İllinoys ştatında fəaliyyət göstərən federal dairə məhkəməsi Trampa qeyri-müəyyən müddətə Çikaqoda iğtişaşlarla mübarizə məqsədilə Milli Qvardiyanı işə salmağı qadağan etmişdi. Bundan əvvəl də ölkənin müxtəlif ştatlarında yerləşən bir sıra məhkəmələr demokratların hakimiyyətdə olduğu regionlara Milli Qvardiya qüvvələrinin göndərilməsi ilə bağlı Trampın qərarlarını bloklamışdı.

Bununla belə, oktyabrın 8-də ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı federal hakimiyyətin İllinoys ştatında asayişin qorunması üçün təxminən 500 Milli Qvardiya hərbçisini səfərbər etdiyini və onların Çikaqo istiqamətinə göndərildiyini açıqlamışdı.

Donald Tramp isə dəfələrlə İllinoys qubernatorunu ştatın ən böyük şəhərində təhlükəsizliyi təmin edə bilməməkdə tənqid edib. ABŞ prezidenti Çikaqodakı ağır kriminogen vəziyyətə görə şəhərin “cəhənnəm çuxuruna” çevrildiyini bildirib. Buna cavab olaraq Pritsker Trampın özünü diktator kimi apardığını və şəhərə müharibə ilə hədələdiyini bəyan etmişdi.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr