Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahal Həşimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə vəfat edib.
Cinayət işinin materiallarına əlavə edilmiş 18 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsin atası məhkəməyə müraciət edərək onun hüquqi varisi kimi tanınmasını və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
Məhkəmə iş materiallarını araşdıraraq cinayət prosesinin tərəflərinin, o cümlədən müdafiə tərəfinin mövqeyini dinləyib və Mahal Həşimovun vəfat etməsi faktını nəzərə alaraq belə qənaətə gəlib ki, onun barəsində cinayət işi üzrə icraata xitam verilməlidir.
Nəticə olaraq, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ölməsi səbəbindən xitam verilib.
İttiham aktına əsasən, Mahal Həşimov 21 may 2025-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mənzillərin birinin mətbəxində arvadı, zərərçəkmiş Pəri Həşimova (adı, soyadı şərtidir) ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb.
Belə ki, təqsirləndirilən şəxs əvvəlcə arvadının alın nahiyəsinə yumruqla zərbə vurub, daha sonra isə mətbəxdə yerləşən siyirmədən götürdüyü bıçaqla ona qəsdən çoxsaylı zərbələr endirərək xəsarət yetirib. Qeyd olunan xəsarətlər dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirilib.
Hadisədən sonra Mahal Həşimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Suraxanı Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin 27 avqust 2025-ci il tarixli qərarına əsasən isə Mahal Həşimovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov