AZ

Prezident İlham Əliyev elmin inkişafını dövlət siyasətinin əsasına çevirən liderdir » AzadMedia.az

Prezident


Akademik İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru


Müasir Azərbaycan dövlətinin inkişaf strategiyası Prezident İlham Əliyevin uzaqgörən və sistemli siyasəti əsasında formalaşıb. Bu strategiyanın mühüm istiqamətlərindən biri elmin, təhsilin və intellektual potensialın gücləndirilməsidir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, elmi əsaslara söykənməyən inkişaf modeli uzunmüddətli və dayanıqlı ola bilməz. Məhz bu baxış bucağı Prezident İlham Əliyevin elmi sahəyə göstərdiyi diqqətin mahiyyətini açıq şəkildə ifadə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə elm sahəsində institusional islahatlar həyata keçirilib, elmi fəaliyyətin səmərəliliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, elmi tədqiqatların real sektorla əlaqələndirilməsi, innovasiya yönümlü layihələrin təşviqi bu sahədə atılan məqsədyönlü addımların bariz nümunəsidir. Elmin cəmiyyət və iqtisadiyyat üçün real fayda verən sahəyə çevrilməsi Prezidentin elmi siyasətinin əsas fəlsəfəsini təşkil edir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyev gənc alimlərin yetişdirilməsinə, onların beynəlxalq elmi mühitə inteqrasiyasına böyük önəm verir. Dövlət proqramları çərçivəsində gənclərin xarici ölkələrin aparıcı ali təhsil və elmi mərkəzlərində təhsil alması, elmi mübadilə imkanlarının genişləndirilməsi, elmi qrant mexanizmlərinin tətbiqi ölkəmizin intellektual gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir. Bu siyasət nəticəsində yeni nəsil alimlər formalaşır və milli elmin inkişafına töhfə verir.
Prezident İlham Əliyevin elmə göstərdiyi diqqət yalnız struktur islahatları ilə məhdudlaşmır. Alimlərin sosial təminatının yaxşılaşdırılması, elmi fəaliyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir laboratoriyaların yaradılması elmi mühitin sağlamlaşdırılmasına xidmət edir. Dövlət başçısının alimlərə olan hörməti və ehtiramı elmi ictimaiyyətdə xüsusi məmnunluqla qarşılanır və bu, elmi fəaliyyətə stimul yaradır.
Eyni zamanda, elmin milli təhlükəsizlik, dövlətçilik və ideoloji müstəvidə rolu Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutur. Tarix, dilçilik, mədəniyyət və sosial elmlərin inkişafı milli kimliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Dövlət başçısı bu sahələrdə aparılan tədqiqatların dövlət maraqlarına uyğun aparılmasını daim önə çəkir və milli ideologiyanın elmi əsaslarla möhkəmləndirilməsini vacib hesab edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər də elmi əsaslara söykənən idarəetmənin, müasir texnologiyaların və intellektual üstünlüyün real nəticəsi kimi qiymətləndirilə bilər. Bu Qələbə göstərdi ki, elmin və texnologiyanın inkişafı milli gücün əsas sütunlarından biridir.
Bu gün Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin elmə və təhsilə əsaslanan dövlətçilik modeli ölkəmizin gələcək tərəqqisini təmin edən ən mühüm amillərdəndir. Bu model sübut edir ki, elmi biliklərə söykənən siyasət güclü dövlət və davamlı inkişaf deməkdir.

Seçilən
22
1
azadmedia.az

2Mənbələr