Liviya nümayəndə heyətini daşıyan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlanılıb.
Avtosfer.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Ankara Baş Prokurorluğu hadisə ilə əlaqədar istintaq başladıb.
“Ankara Baş Prokurorluğu tərəfindən Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma aparılır. İstintaq çərçivəsində bir baş prokuror müavininin koordinasiyası altında dörd prokuror təyin edilib. Araşdırma bütün aspektlər üzrə ətraflı və dəqiq şəkildə davam etdirilir”, - Y.Tunç sosial media hesabında verdiyi açıqlamada qeyd edib.
Qeyd edək ki, Tripoliyə uçmaq üçün Ankara Esenboğa Hava Limanından havaya qalxan təyyarə naməlum səbəbdən Ankara vilayətinin Haymana rayonunun Kesikkavak kəndi ərazisində dağlıq sahəyə düşüb. Qəza yerində aparılan axtarışlar nəticəsində təyyarənin qalıqları aşkarlanıb.