AZ

Qüdrətli Azərbaycanın qətiyyətli lideri

Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Qarabağı və Şərqi Zəngəzuru bizə qaytaran, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan öz ölkəsinin hər bir vətəndaşının qəlbini fəth etməyi bacaran nadir dünya liderlərindən biridir. O, Ulu Öndərimizin arzusunu və vəsiyyətini həyata keçirərək 22 ildir Azərbaycanı qurtuluş və tərəqqi yolu ilə irəli aparır.  

Azərbaycan xalqı 22 il əvvəl Ümummilli Liderin siyasi kursuna səs verərək müdrik seçim etdi. Xalqın öz qərarında yanılmadığını sübut edən İlham Əliyev bu illər ərzində Azərbaycanın nüfuzunu təkcə regionda deyil, dünyada  yüksəltdi. Hansı sahəyə baxsaq, orada inkişaf, nailiyyət görərik.  Əldə  olunan uğurlar sayəsində Azərbaycan güc mərkəzinə çevrilmişdir. Fəaliyyətini dövlətə, xalqa xidmətə həsr edən Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaq mümkün deyil. Ən əsası, onun ən böyük əməli prezidenti olduğu dövlətin qüdrətli olması və Azərbaycan xalqının qalib xalqa çevrilməsidir.

 Ümummilli Lider Heydər Əliyev deyirdi ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır. Bəli, bu gün biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır.  Təməli Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev  tərəfindən qoyulmuş demokratik prinsiplərə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, terror aktlarını, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün  bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq şəraitində yaşayırlar. Və əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz bu stabilliyə Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində  nail olmuşuq.

34 illik müstəqillik tariximizin son 22 ili, daha doğrusu, 23 ilə yaxın olan dövrü xüsusi ilə önəmlidir. Bəlkə də tarix üçün  bu qısa bir dövrdür, lakin bu müddəti addım-addım keçən bir ölkə üçün heç də az zaman deyil. Prezident İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu  dəfələrlə sübuta yetirib. O, bu müddət ərzində Ümummilli Lider Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın paytaxtı Bakı ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm tədbirlər keçirilib. COP29 isə Azərbaycanın ekoloji siyasət arenasında növbəti misilsiz uğuru olub.

"Əsrin müqaviləsi"nin daha səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, "Cənub qaz dəhlizi"nin fəaliyyətə başlaması, enerji, neft-qaz sahəsində digər irimiqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Bu gün də Azərbaycan nəinki  öz xalqı, həm də qonşu  ölkələr,  bütövlükdə isə  dünya üçün önəmli olan layihələr icra edir. 

İlk dəfə Prezident kimi andiçmə mərasimində çıxış edən İlham Əliyev  demişdir:  "Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir". Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi,  iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa,  cənab İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Respublikanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımla birlikdə ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi -  bunlar dövlət başçısının fəaliyyətinin əsasını təşkil etdi. Azərbaycan hər gün bu müqəddəs mübarizəyə yaxınlaşırdı. 

Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasına imkan verdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. 

Həmin dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, mediaya verdiyi müsahibələr müasir Azərbaycan tarixində özünəməxsus yer tutur. O illər cənab İlham Əliyev həmişə olduğu kimi, bütün xalqımız üçün, dövlətimiz üçün məsuliyyət daşıyırdı. Bu, şərəfli və çətin məsuliyyət idi. Ancaq dövlət başçısı bunu bacardı, xalqımızı bu mübarizədə qalib etdi. Bu şərəfə hər dövlət başçısı nail ola bilmir. 

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətin mərkəzində vətəndaş məmnunluğu dayanır. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı özü vətəndaşlarla canlı ünsiyyət qurur, onları dinləyir. Vətəndaşın  xoş günündə, çətin günündə də bir an onları tək qoymur. Bu böyük bir xalq, vətən sevgisidir. Bu gün  artıq məcburi köçkünümüz yoxdur, artıq Böyük qayıdış başlanıb.  İnsanlar öz doğma, dədə-baba yurdlarına qayıdır. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bizə heç kim bu işdə yardım etmir. Biz öz gücümüzlə tikirik, qururuq, yaradırıq. 

Azərbaycanda hər bir ailənin, hər bir vətəndaşın  sosial rifahını yüksəltmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyev hər zaman zəruri tədbirlər həyata keçirir. Ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızı əhatə edir. Prezidentin dediyi kimi, heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmır, hər kəsin hüquqları qorunur. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. 

Əlbəttə ki, bunun üçün əsas məsələ ölkə iqtisadiyyatının  hərtərəfli inkişafına nail olmaqdır. Ümummilli Lider Heydər Əliyev demişdir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". İqtisadi inkişaf  həm insanların sosial rifahını yaxşılaşdırır,  həm də dövlətin dayaqlarını möhkəmləndirir. Odur ki, iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə,  əhalinin sosial müdafiəsinin daha da  gücləndirilməsi sahəsində yeni islahatlar aparılır. Əməkhaqları, pensiyalar, aylıq və birdəfəlik müavinətlər artırılır, şəhid ailələri, qazilər, müharibə veteranlarının mənzil-məişət şəraiti yaxşılaşdırılır.  Aztəminatlı və digər həssas qrupdan olan ailələrin  problemləri davamlı olaraq aradan qaldırılır.

İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli, köklü dövlətdir, istənilən məqsədə çatmağa qadirdir. Regionda yeni reallıq yaradan Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan həm iqtisadi, həm strateji, həm də geosiyasi baxımdan  ciddi  qəbul olunan bir dövlətdir. Ölkəmiz müstəqil siyasət aparır, öz dövlət və milli maraqlarını müdafiə edir. 

Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr