BAKI, 24 dekabr. TELEQRAF
Avropa İttifaqında (Aİ) Tesla markalı avtomobillərin satışında geriləmə davam edir, bu fonda Çin istehsalçıları bazarda sürətlə mövqelərini gücləndirirlər.
Teleqraf xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Elon Maskın rəhbərlik etdiyi "Tesla" şirkəti noyabr ayında Aİ ölkələrində cəmi 12 min 130 yeni avtomobil satıb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə xeyli azdır – 2024-cü ilin eyni dövründə Tesla 18 min 430 avtomobil satmışdı. Nəticədə şirkətin bazar payı 2,1 faizdən 1,4 faizə düşüb.
Eyni zamanda Çin avtomobil istehsalçıları satış artımına görə ön plana çıxıb. Xüsusilə BYD şirkəti diqqət çəkib. Çin istehsalçısının Avropa üzrə qeydiyyata alınan avtomobillərinin sayı il ərzində təxminən üç dəfə artaraq 42 min 500-ə çatıb. Çinin dövlətə məxsus SAIC konserni isə MG brendi ilə satışlarını 26 faiz artıraraq 217 min avtomobilə yüksəldib.
Qeyd olunur ki, Çin markaları təkcə tam elektrikli deyil, həm də benzin və dizel mühərriki ilə birgə işləyən hibrid modellər təklif edir. Hazırda hibrid avtomobillər, o cümlədən şarj edilə bilən modellər Aİ-də bütün yeni avtomobil satışlarının 44 faizini təşkil edir. Bu tendensiya Avropa istehsalçıları üçün daha gəlirli hesab olunur.
Hibrid avtomobillərin artımı fonunda Avropa avtomobil şirkətləri Aİ-də elektrikli avtomobillərlə bağlı sərt hədəflərin yumşaldılması üçün fəal lobbiçilik aparır. Nəticədə Avropa İttifaqı ötən həftə 2035-ci ildən sonra avtomobil satışlarının 10 faizinə daxiliyanma mühərrikli modellərin daxil olmasına icazə veriləcəyini açıqlayıb.
Buna baxmayaraq, tam elektrikli avtomobillər bazarda mövqelərini gücləndirməkdə davam edir. Cari ilin ilk 11 ayında Aİ-də satılan avtomobillərin 18,8 faizi – təxminən 2,3 milyon ədəd – tam elektrikli olub. Bu, ötən ilin eyni dövründəki 15 faizlik göstəricidən yüksəkdir.
Analitiklər Tesla satışlarındakı azalmanı həm artan Çin rəqabəti, həm də Elon Maskın Avropadakı siyasi fəaliyyəti ilə əlaqələndirirlər. Qeyd olunur ki, Maskın Almaniyada və Böyük Britaniyada ifrat sağçı siyasi qüvvələrə açıq dəstəyi şirkətin Avropadakı imicinə mənfi təsir göstərə bilər.
Bununla yanaşı, "Tesla"nın satışlarında azalma olsa da, Elon Mask dünyanın ən varlı şəxsi olaraq qalır. “Bloomberg Billionaires Index”ə əsasən, onun sərvəti 647 milyard dollar qiymətləndirilir. "Tesla"nın bazar dəyəri isə 1,5 trilyon dollardan çoxdur.
Ümumilikdə isə Aİ-də yeni avtomobil satışları artım göstərir. Noyabr ayına qədər olan bir il ərzində satışlar 1,4 faiz artıb. Avropa Azad Ticarət Assosiasiyası ölkələri və Böyük Britaniya da daxil olmaqla, ilk 11 ayda 12,1 milyon avtomobil satılıb.