AZ

Azərbaycanın GÜCÜ!

Bu gün müstəqil Azərbaycan zirvələrdədir, xalqımız öz tarixinin ən qüdrətli dönəmini yaşayır. Ölkə nümunəvi inkişaf modelinə malikdir. Respublikamız xarici siyasətdə də ardıcıl uğurlara imza atır. Dünyada Azərbaycana böyük hörmət bəslənilir, bayrağımız ən mötəbər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır, dost dövlətlərin sayı getdikcə artır.

Bəs Azərbaycanı güclü edən nədir? Sualın cavabı birmənalıdır: Lider amili. Hazırda Prezident İlham Əliyev Azərbaycanın yenilməz gücünü simvolizə edir və belə bir qənaət reallıqdan qaynaqlanır. Xalqımızın xoşbəxtliyi ondadır ki, Azərbaycana müstəqilliyimizin fundamental əsaslarını formalaşdıran Ulu Öndər Heydər Əliyevin siyasi kursunun varisliyini yüksək səviyyədə təmin edən İlham Əliyev rəhbərlik edir.

Müasir dövrün lideri kimi xarakterizə edilən Prezident İlham Əliyevin uğur formulunun düsturu dörd mühüm amillə səciyyələnir: Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq, mümkün dərəcədə maksimum uğura nail olmaq. Məhz dövlət siyasətində bu uğur formuluna əməl edilməsinin nəticəsidir ki, hazırda Azərbaycan güclü dövlət imici qazanıb və bütün istiqamətlərdə nailiyyətlər qazanır.

Lider ətrafında milli gücün konsolidasiyası

Dünya tarixindən liderlərin ölkələrin, xalqların taleyində müstəsna rol oynadıqlarına aid çoxlu sayda nümunələr gətirmək mümkündür. Bizim tariximizdə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın güclü iqtisadi, siyasi və ideoloji əsaslarını yaradan Lider kimi əbədi qalacaq. Son 22 ildə isə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. İlham Əliyev isə ona görə fateh Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var.

Təkcə son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir.

Bu gün ölkə daxilində aparılan çoxvektorlu siyasətdə cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyi diqqət mərkəzində saxlanılır. Heç kəs dövlət qayğısından kənarda qalmır. Ölkədə ədalətli resurs bölgüsü təmin edilir, dövlətin imkanları artdıqca sosial məqsədlərə yönələn tədbirlərin əhatə dairəsi də genişləndirilir. 

Eyni zamanda, ölkədə yaşayan bütün xalqların mənafeyi qorunur, onların tarixi-mədəni irsinə böyük hörmmətlə yanaşılır. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada milli-dini fərqlilik ayrıcı xətlər yaratmır. Bütün xalqlar tariximizdən gələn tolerantlıq ənənələrinə uyğun olaraq çiyin-çiyinə ölkənin inkişafına töhfələrini verirlər. Bütün bunlar İlham Əliyev fenomeni ilə bilavasitə bağlıdır. O, həm bütün sosial qruplar, həm də Azərbaycanda yaşayan xalqlar üçün bir həmrəylik simvoludur.

İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan elə bir yüksək inkişaf səviyyəsinə çatıb ki, ümummilli məsələlərdə hətta siyasi partiyalar da həmrəylik mövqeyindən çıxış edirlər. Son illərdə siyasi partiyalar tərəfindən imzalanan bəyanatlar və müraciətlər bunun təsdiqidir.

İqtisadi müstəqillik üzərində möhkəmlənən siyasi müstəqillik

Ötən 22 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bütün bunların nəticəsində də milli iqtisadiyyatımız dinamik şəkildə inşişaf edib. Bəhs olunan dövrdə Azərbaycan iqtisadiyyatı nominal ifadədə 14,8 dəfə böyüyərək əsas iqtisadi göstərici olan ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 32 dəfə artaraq 1,2 milyard manatdan 39,9 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları 48 dəfədən çox artaraq 73 milyard dollara çatıb. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb və xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib.

Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə, liderdir. Ölkəmizdə ÜDM 72,5 milyard dollar, Ermənistanda 16,2 milyard dollar, Gürcüstanda isə 19,3 milyard dollar təşkil edir. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 108 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür.

Cənubi Qafqaz iqtisadiyyatına yatırılmış cəmi investisiyların həcmi 400 milyard dollardır, onun 310 milyard dolları Azrbaycana yönəldilib. Yəni xarici investorlar Cənubi Qafqazda kapital qoyuluşlarının 80 faizdən çoxunu Azərbaycana etibar edib.

Eyni zamanda, iqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin milli maraqlar əsasında tam müstəqil siyasi kurs həyata keçirməsinə zəmin yaradıb. Bu gün Azərbaycan heç bir güc mərkəzindən asılı deyil, heç kim ölkəmizlə diktə dili ilə danışa bilməz və danışmır da.

Əsas ümummilli ideyanı reallaşdıran Müzəffər Lider

Ötən üç onillik ərzində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın əsas ümummilli ideyasını təşkil edib. Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi əsas vədlərdən biri də məhz bununla bağlı idi. Son prezident seçkilərindən sonra Milli Məclisdə baş tutan andiçmə mərasimində söylədiyi nitqində həmin vədini xatırladan dövlətimizin başçısı deyib: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.

Vətən müharibəsindən sonra Azərbaycan 2023-cü il sentyabrın 19-20-də təxminən 23 saat davam edən uğurlu antiterror tədbirləri həyata keçirərək Qarabağda özünün suverenliyini tam təmin etdi. Bununla da Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu.

Həm 44 günlük Vətən müharibəsində, həm də 23 saatlıq antiterror tədbirlərində qazanılan qələbələr son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticələridir. Prezident İlham Əliyev ötən dövrdəki fəaliyyətində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Güclü iqtisadi inkişaf, ökənin maliyyə imkanlarının artması qarşıda duran bütün vəzifələri icra etməyə qadir olan müasir Ordu qurmağa imkan verdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini məhz hərbi-siyasi yolla təmin etdi. İlham Əliyev tarixdə ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Müzəffər Lider kimi qalacaq!

Mübariz FEYİZLİ

Seçilən
42
yeniazerbaycan.com

1Mənbələr