AZ

II Azərbaycan-Türkiyə İnvestisiya Forumu regional əməkdaşlığı və dayanıqlı inkişafı gücləndirir

Dekabrın 23-də  Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə mühüm tədbir keçirilib. Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan-Türkiyə İnvestisiya Forumu reallaşıb.  Forum çərçivəsində Azərbaycan və Türkiyə işgüzar dairələri strateji əməkdaşlıq imkanlarını müzakirə edib, birgə investisiya layihələrinin təşviqi və ticarət əlaqələrinin genişləndirilməsinə diqqqət ayırıblar. Tədbir, həmçinin regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı investisiya təşəbbüslərinin stimullaşdırılması və yeni biznes imkanlarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. II Azərbaycan-Türkiyə İnvestisiya Forumu ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə və regional, həmçinin qlobal miqyasda əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verəcək əsas platforma kimi çıxış edir.

Forumda hər iki ölkədən yüksək vəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndə iştirak edib. Forum çərçivəsində regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi, eləcə də IV Sənaye İnqilabına həsr olunmuş panel sessiyaları keçirilib. Bu tədbirlər həm ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, həm də qarşılıqlı investisiya imkanlarının praktik olaraq reallaşdırılmasına şərait yaradıb.

Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib ki, bu Fond həm Azərbaycan, həm də Türkiyə biznes dairələri üçün yeni imkanlar açır və qarşılıqlı investisiya əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Forum çərçivəsində Baş nazir Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühüm elementlərini, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Baş nazir Türk Dövlətləri Təşkilatında səmərəli işbirliyini xüsusi qeyd edərək deyib: “Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı biz digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək”.

Ə.Əsədov bildirib ki, Azərbaycan-Türkiyə İnvestisiya Forumu ölkələr arasında yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayır. Artıq ikinci dəfə təşkil olunan bu platforma hökumət və biznes dairələri arasında açıq dialoqun qurulmasına imkan verir və investisiya təşəbbüslərinin reallaşdırılması üçün zəmin yaradır.

Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir. SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirib. Bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur.

Baş nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir. Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir. O, ümidvar olduğunu bildirib ki, Forum çərçivəsində irəli sürülən ideyalar Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcək. O, Forumun işinə uğurlar arzulayaraq Azərbaycan və Türkiyənin sahibkarlarını hər iki ölkənin zəngin iqtisadi potensialından yararlanmağa və daha aktiv fəaliyyət göstərməyə dəvət edib.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumundakı çıxışında bildirib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq və onun strateji əhəmiyyətini yüksəldəcək. Bu baxımdan Azərbaycan Orta Dəhlizin əsas həlqələrindən biri kimi mühüm rol oynayır.  Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları əhəmiyyətli dərəcədə artıb. Bu şəraitdə Orta Dəhlizin əsas komponentlərindən biri olan Azərbaycanla münasibətlər daha strateji xarakter alıb. C.Yılmaz Azərbaycanın həm regional, həm də qlobal miqyasda rolunun artdığını vurğulayıb və ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya proseslərinin diqqətlə izlənildiyini bildirib. Onun sözlərinə görə, aqrar sahədə Türkiyə ilə birgə investisiya layihələrinin formalaşdırılması və ixrac yönümlü dəyər zəncirlərinin qurulması əsas hədəflərdəndir. Eyni zamanda, istehsal, emal, logistika və bazar zəncirinə bütöv ekosistem kimi yanaşılır ki, bu da iqtisadi əməkdaşlığın dayanıqlığını təmin edir.

Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə şirkətləri Qarabağın bərpasına dəyəri 5 milyard dollardan çox olan layihə ilə töhfə verib: “Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayıb.

Hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrinə yönələn yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir. Bu çərçivədə forum həm regionların iqtisadi potensialının artırılmasında, həm də investisiya təşəbbüslərinin konkret layihələrə çevrilməsində önəmli rol oynayır. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib ki, ticarət əlaqələrinin daha da inkişafı üçün ölkələrimiz arasında geniş potensial mövcuddur. Nazir müavini vurğulayıb ki, forumun əsas məqsədlərindən biri məhz bu imkanların reallaşdırılmasına töhfə verməkdir. O qeyd edib ki, enerji əməkdaşlığı artıq regional çərçivədən kənara çıxaraq strateji məzmun daşıyır. İcra olunan enerji layihələri enerji təhlükəsizliyinə, bazarların şaxələndirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına xidmət edir. S.Bəşirli əlavə edib ki, enerji sahəsində dialoqun dərinləşməsi investisiya gündəliyini də genişləndirir və xüsusilə yaşıl enerji istiqamətində yeni imkanların real layihələrə çevrilməsi üçün özəl sektorun iştirakının artırılması vacibdir. Nazir müavini həmçinin bildirib ki, Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyəti geniş miqyas alıb. Hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən türk şirkətləri biznes mühitinə olan etimadın və uzunmüddətli marağın göstəricisidir. Onların investisiyaları elektrotexnika, əczaçılıq, qida sənayesi, tikinti materialları, kənd təsərrüfatı, pambıq emalı və digər sahələri əhatə edir, yeni iş yerlərinin yaradılmasına və ixracyönümlü istehsalın inkişafına mühüm töhfə verir. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılır, həm də xaricə ixrac olunur. Xüsusilə, türk investorlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması prosesində ən fəal tərəfdaşlar sırasındadır.

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində davam edən əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində də mühüm təşəbbüslər həyata keçirilir. Bu fikri kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Aqrar tərəfdaşlıq: Dayanıqlı inkişaf və qida təhlükəsizliyi” mövzusunda paneldə bildirib. Qeyd edək ki, II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində aparılan müzakirələr göstərdi ki, Forum yalnız iki ölkə arasında investisiya imkanlarını artırmaqla kifayətlənmir, həm də regionda iqtisadi əməkdaşlığın gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və tərəflər arasında praktik tərəfdaşlıq mexanizmlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
44
ikisahil.az

1Mənbələr