AZ

“Pezeşkian açıq şəkildə etiraf edir ki, bu sistemlə işləmək mümkün deyil” ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İranda mühafizəkarlar və islahatçılar arasında dərinləşən siyasi qarşıdurma ölkənin idarəetmə sistemində ciddi böhran yaradıb. Məhz islahatçı qanadı təmsil edən Prezident Məsud Pezeşkian nə daxili, nə də xarici siyasətdə real addımlar ata bilir. Prezidentin özünün də etiraf etdiyi kimi, problemin kökü ölkənin mövcud daxili siyasi sistemindədir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Rəsmi Tehran bu böhranı sionizm və ABŞ amili ilə izah etməyə çalışsa da, Pezeşkian faktiki olaraq ölkədə islahatların həyata keçirilməsinin mövcud sistem daxilində mümkün olmadığını etiraf edir. Burada əsas maneə mühafizəkar dairələr, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Bu qurum demək olar ki, İranın iqtisadiyyatına, hərbi sahəsinə və bir çox strateji istiqamətlərinə nəzarət edir, birbaşa Ali Dini rəhbər Əli Xameneiyə tabedir və prezidentin həm daxili, həm də xarici siyasətdə manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

SEPAH və mühafizəkar sistem Prezidentin nə qonşu ölkələrlə, nə Qərblə, nə də ümumiyyətlə əməkdaşlığa əsaslanan normal siyasət yürütməsinə imkan verir. Bu isə böhranın yalnız siyasi deyil, həm də struktur xarakter daşıdığını göstərir.

Göründüyü kimi, proses getdikcə daha da dərinləşir və bu tendensiya növbəti mərhələdə İranın siyasi sisteminin çökməsi riskini artırır. Sosial və iqtisadi problemlər fonunda hökumətin həyata keçirmək istədiyi islahatlar da effektiv nəticə vermir. Çünki ölkə fundamental bir idarəetmə böhranı ilə üz-üzədir. Bu vəziyyətdən çıxış yolu ya sistemin köklü şəkildə dəyişməsindən, ya da SEPAH, Bəsic və mühafizəkar siyasi strukturun siyasətdən kənarlaşdırılmasından keçir.

Prezident Məsud Pezeşkianın əsas mesajı da məhz bundan ibarətdir: mühafizəkar-dini sistem İranın inkişafının qarşısında əsas maneədir. O açıq şəkildə etiraf edir ki, bu sistemlə işləmək mümkün deyil və İranın gələcəyi ciddi sual altındadır. Qonşularla münasibətlərdəki gərginliklər, xarici siyasətdəki problemlər də mövcud siyasi modelin nəticəsidir. Prezident faktiki olaraq xalqa mesaj verir ki, ondan ciddi və müsbət nəticələr gözləmək düzgün olmaz, çünki real səlahiyyətlərə malik deyil.

Beləliklə, proses dərin və sistemli böhran xarakteri daşıyır. Hətta müəyyən kosmetik islahatlar həyata keçirilsə belə, onların İranın siyasi, iqtisadi və sosial problemlərini köklü şəkildə həll edəcəyi inandırıcı görünmür.

Gələcəkdə İsrail və ya ABŞ ilə mümkün yeni hərbi qarşıdurma baş verərsə, bu, İran hakimiyyəti üçün real “qalım–ölüm” dilemması yaradacaq. 12 günlük müharibədən müəyyən dərslər çıxarılsa da, fundamental problemlər hələ də qalmaqdadır”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
icma.az

1Mənbələr