İsrail hakimiyyəti Qəzza zolağında yeni yaşayış məntəqələrinin yaradılması ilə bağlı iddiaları rəsmən təkzib edib.
NOCOMMENT.az xəbər verir ki, ölkənin müdafiə naziri İsrael Katsın ofisi bildirib ki, İsrail hökumətinin Qəzza ərazisində məskunlaşma planları mövcud deyil.
Nazirliyin açıqlamasında vurğulanır ki, Katsın Qəzza zolağında israilli yaşayış məntəqələrinin salınması ilə bağlı hər hansı rəsmi bəyanatı olmayıb və bu mövzu hökumətin gündəmində deyil.
Məsələ Katsın dekabrın 23-də İordan çayının qərb sahilində yerləşən Beyt-El yəhudi yaşayış məntəqəsində keçirilən konfransda səsləndirdiyi fikirlərdən sonra gündəmə gəlib.
Həmin çıxışda o, Qəzza zolağının şimalında əvvəllər boşaldılmış ərazilərdə “Nahal” adlanan bölmələrin yaradılmasından danışmışdı. Söhbət İsrail Müdafiə Qüvvələrinin hərbi xidməti təsərrüfat fəaliyyəti ilə birləşdirən xüsusi proqramından gedir. Bu model əsasən hökumətin məskunlaşmanı təşviq etmək istədiyi ərazilərdə tətbiq olunur.
Məhz bu açıqlamalar ABŞ rəsmilərində suallar doğurub. Vaşinqtonun Qəzza ilə bağlı irəli sürdüyü plan İsrail ordusunun tam şəkildə anklavdan çıxmasını nəzərdə tutur. Bu fonda Katsın sözləri ABŞ-nin Kiryat-Qatda yerləşən mülki-hərbi koordinasiya mərkəzində çalışan rəsmilər arasında anlaşılmazlıq yaradıb və İsrail tərəfinə izahat tələbi ilə müraciət olunub.
Sonradan İsrael Kats “Reuters” agentliyinə açıqlamasında İsrailin Qəzza zolağında yaşayış məntəqələri salmaq niyyətində olmadığını bildirib. İsrailin Müdafiə Nazirliyinin kanselyariyası da bu mövqeni təsdiqləyərək məsələyə aydınlıq gətirib.
Beləliklə, rəsmi Təl-Əviv Qəzza ilə bağlı məskunlaşma iddialarını rədd edir, lakin mövzunun beynəlxalq müzakirələrdə yaratdığı rezonans İsrail–ABŞ münasibətlərində həssas məqamların davam etdiyini göstərir.