"Benyamin Netanyahunun son dövrlərdə İranla bağlı sərt ritorikası Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını yenidən gündəmə gətirib. İsrail rəhbərliyi İranın nüvə proqramını və regiondakı proksi şəbəkələrini milli təhlükəsizlik üçün əsas təhdid kimi təqdim edir. Bu mövqenin ictimai bəyanatlar səviyyəsində sərtləşməsi, ilk baxışdan hərbi eskalasiyanı mümkün göstərsə də, prosesin avtomatik müharibəyə aparacağını demək çətindir".
Bu fikiri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov İsrailin Baş naziri Benyamin Netanyahunun İranla bağlı verdiyi bəyanatlardan danışarkən bildirdi.
Onun sözlərinə görə, İsrail–İran qarşıdurması uzun müddətdir daha çox “kölgə müharibəsi” formatında aparılır:
"Daha çox kəşfiyyat əməliyyatları, kiberhücumlar və regiondakı üçüncü tərəflər üzərindən təsir mexanizmləri ön plandadır. Açıq müharibə isə hər iki tərəf üçün yüksək siyasi və hərbi risklər yaradır. İran üçün bu, daxili iqtisadi təzyiqlərin artması və beynəlxalq sanksiyaların sərtləşməsi demək ola bilər. İsrail üçün isə regional müharibənin çoxcəhətli cəbhələrə yayılması təhlükəsi mövcuddur".

Müsahibimizin fikrincə, Netanyahunun bəyanatları daxili siyasi kontekstdə də oxunmalıdır:
"Təhlükəsizlik mövzusunda sərt ritorika İsrail siyasətində tez-tez konsolidasiya aləti kimi istifadə olunur. Bu, real hərbi qərarlardan daha çox, çəkindirmə və mesajvermə məqsədi daşıya bilər. Nəticə etibarilə, hazırkı mərhələdə sərt bəyanatlar müharibə riskini artıran faktor kimi çıxış etsə də, birbaşa genişmiqyaslı İsrail-İran müharibəsinin qaçılmaz olduğunu demək üçün yetərli əsaslar yoxdur. Daha real ssenari gərginliyin nəzarət olunan, dolayı toqquşmalar səviyyəsində davam etməsidir".
Xədicə BAXIŞLI