Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
13-cü maaşın ləğvi və itirilmiş sosial ənənələr
Son aylar AMEA-da baş verənlər “islahat” adı altında aparılan qərarların mahiyyətini ciddi sual altına qoyur. Uzun illər AMEA əməkdaşları üşün formalaşmış sosial ənənələrin birdən-birə ləğvi, əməkdaşların səssizliyindən sui-istifadə edilməsi və maliyyə prioritetlərinin anlaşılmaz şəkildə dəyişdirilməsi narazılıqları dərinləşdirir.
Faktlar sadə və inkarolunmazdır
2000-ci ildən bəri AMEA-da İsa Həbibbəyliyə qədər 4 prezidentin (onlardan biri prezident vəzifəsini icra edən olub) rəhbərliyi dövründə mötəbər tədbirlərdən sonra AMEA Rəyasət Heyəti aparatının əməkdaşlarının olduğu işçi qrupa stimullaşdırıcı ödənişlər – mükafatlar verilib, bundan əlavə hər il 13-cü maaş ödənilib. Bu, sadəcə maliyyə təşviqi deyil, həm də institusional etimadın, sosial məsuliyyətin göstəricisi olub. Lakin bu il, İsa Həbibbəylinin prezidentliyi dövründə, 13-cü maaş verilmədi. Bu qərar “qənaət” arqumenti ilə əsaslandırılsa da, eyni vaxtda büdcədə vəsaitin olduğu, xərclərin isə başqa istiqamətlərə yönəldiyi barədə ciddi iddialar var.
Qənaət nəyə edilir?
Son iki ayda ayrı-ayrı, bir-birini təkrarlayan, mahiyyəti sual doğuran tədbirlərə yüzə yaxın çinli qonağın, post sovet ölkələrinin akademiyalarından, ali məktəblərindən eyni adamların dəvət edilməsi və bu tədbirlərin xərcləri adı ilə (aviabilet, otel xərcləri) iri məbləğlərin silinməsi AMEA ictimaiyyətinin gözü önündədir. Əgər məqsəd həqiqətən qənaətdirsə, niyə prioritetlər əməkdaşların sosial təminatı deyil, nümayiş xarakterli səfər və toplantılardır? Halbu ki, bu tədbirlər onlayn format da da keçirilə bilər.
“Elektronlaşma” adı altında atılan addımlar da ayrıca müzakirə mövzusudur. 10-15 kompüter alışı ilə yanaşı, “Ariston” su qızdırıcıları, dondurma soyuducuları kimi avadanlıqların əldə edilərək şəxsi obyektlərə (şəhərcikdə yeni iaşə obyekti gözaltı edilib) verilməsi iddiaları islahat anlayışını ifrata çevirir.
Elektronlaşma institusional effektivliyi artırmalı olduğu halda, şəxsi təsərrüfatların təchizinə çevrilirsə, burada artıq məqsəd sual altına düşür.
Hələ ən gülməlisi, ya ağlamalısı deyək, istər Rəyasət Heyəti aparatının əməkdaşlarının elektronlaşmanı dəstəkləməyən kompüterlərinin olması, istərsə də AMEA-nın institutlarında iki nəfərin bir kompüter arxasında oturması (bir də düşün ki, o kompüter yararsız vəziyyətdədir) kimi problemlərin yaşandığı halda AMEA rəhbərinin Qarabağ Universitetinə yüzə yaxın notbuk hədiyyə etməsinə hələ ad qoya bilməmişik. Hamı bilir ki Qarabağ Universiteti dövlət tərəfindən təsərrüfatından tutmuş texniki təhcizatına qədər yüksək səviyyədə təmin edilir.
AMEA-nın 80 illik yubileyi isə başqa bir məyusluq məqamı oldu. Bu miqyasda bir tədbirdən sonra gecə-gündüz işləyən əməkdaşların mükafatlandırılmaması, alimlərin diqqətdən kənarda qalması, cəhənnəmə ən azı bir kağız parçası ilə simvolik təşəkkürün belə edilməməsi, bütün bunlardan sonra ilin sonunda ümidlə gözlədiyi 13-cü maaşın da verilməməsi kollektivdə haqlı narazılıq yaradıb. Üstəlik, Yeni il ərəfəsində əməkdaşların uşaqları üçün şənlik biletləri kimi illərlə davam edən ənənənin də ləğvi sosial həssaslığın nə qədər zəiflədiyini göstərir.
İdarəetmədəki qəribəliklər bununla bitmir
Aparatın avtomobillərini idarə edən sürücülərə verilən “tapşırıq” “yeni il hədiyyəsi” oldu. Növbəti ildən hər bir şöbə müdiri istifadəsində olan avtomobilin təmiri ilə özü məşğul olmalıdır. Bu, nə hüquqi, nə də inzibati baxımdan məntiqlidir.
Bütün bu addımların arxasında isə, aparatın alqı-satqı işlərini idarə edən Rəşadın irəli sürdüyü “ideyalar” dayanır. Əgər qərarlar dar bir çevrənin maraqlarına uyğun formalaşırsa, bu artıq sistemli problemdir və məsuliyyət birbaşa İsa Həbibbəyliyə aiddir.
Bir sözlə, “islahatlar” adı altında həyata keçirilənlər AMEA-da sosial ədalətin aşınması, şəffaflığın itməsi və prioritetlərin təhrif olunması təsiri bağışlayır. Əməkdaşların susması idarəetmə rahatlığı üçün fürsətə çevrilməməlidir. Çünki səssizlik razılıq deyil, bəzən sadəcə ümidin tükənməsidir. İslahat real ehtiyaclara cavab vermirsə, o, islahat yox, ifratdır.
Ardı var…
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.