AZ

Astanada türkologiya üzrə tədqiqatların perspektivləri müzakirə olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Astana, 23 dekabr, AZƏRTAC

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Türk Akademiyasının prezidenti Şahin Mustafayev və vitse-prezident Asxat Kesikbayev ilə görüşüb.

AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, görüş zamanı tərəflər cari ildə Türk Akademiyasının fəaliyyətinin əsas nəticələrini müzakirə edib, eyni zamanda, qarşıdakı dövr üçün elm və təhsil sahəsində əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdiriblər.

Müzakirələrdə türkologiya üzrə tədqiqatların inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsi, habelə türk elm və təhsil məkanında inteqrasiya proseslərinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Görüş çərçivəsində Türk Akademiyasının 15 illiyinə həsr olunmuş yubiley tədbirinin bu yaxınlarda keçirildiyi qeyd edilib. Bildirilib ki, Türk Akademiyası 2010-cu ildə Qazaxıstanın təşəbbüsü ilə təsis edilib və 2022-ci ildə tamhüquqlu beynəlxalq təşkilat statusu alıb.

Xatırladaq ki, hazırda Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə Türk Akademiyasına üzv dövlətlərdir. Macarıstan və Özbəkistan isə müşahidəçi statusuna malikdir.

Türk Akademiyasının fəaliyyətinin əsas məqsədi türkologiya sahəsində elmi tədqiqatların əlaqələndirilməsi, türk dillərinin, ədəbiyyatının və mədəni irsinin qorunması, inkişafı və təbliği, həmçinin Türk dünyasında elm və təhsil üzrə inteqrasiyaya dəstək verilməsi və humanitar sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
azertag.az

1Mənbələr