Azərbaycan istehsalı olan benzin “Ran Oil” şirkətinin Ermənistandakı yanacaqdoldurma məntəqələri şəbəkəsində satışa çıxarılır. Bəs, gələcəkdə benzin ixracının artması Azərbaycanda yanacaq qıtlığı və ya süni bahalaşma yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yaxın və orta müddətdə benzin ixracının artması Azərbaycanda yanacaq qıtlığına və ya süni bahalaşmaya səbəb olmayacaq.
“Azərbaycan xam neft istehsal edən ölkədir və benzin istehsalı daxili tələbat nəzərə alınmaqla planlı şəkildə həyata keçirilir. İxrac isə əsasən, daxili bazarın ehtiyacları tam ödənildikdən sonra qalan həcm hesabına reallaşdırılır”.
Akif Nəsirli vurğulayıb ki, yanacaq strateji məhsul olduğuna görə qiymətlər sərbəst bazar mexanizmi ilə deyil, dövlət tərəfindən tənzimlənir.
“Bu isə o deməkdir ki, ayrı-ayrı şirkətlər ixracı artırmaqla daxili bazarda süni çatışmazlıq yaradıb qiymətləri yüksəldə bilməzlər. SOCAR və dövlət üçün daxili bazarın fasiləsiz təminatı prioritet məsələdir və indiyədək bu sahədə ciddi qıtlıq halları qeydə alınmayıb”.
Ekspert əlavə edib ki, Ermənistan bazarına ixrac olunan benzin həcmi Azərbaycanın ümumi istehsalı ilə müqayisədə kiçikdir və daxili bazara təsir göstərə biləcək miqyasda deyil. Yalnız ixracın nəzarətsiz şəkildə kəskin artması, neft emalında ciddi texniki problemlər və ya dövlətin qiymət siyasətində əsaslı dəyişikliklər olacağı halda müəyyən risklər yarana bilər.
“Hazırkı şəraitdə isə belə bir ssenari real görünmür”, – deyə Akif Nəsirli qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az