Səyahət etməyi planlaşdıranların böyük əksəriyyəti ilk növbədə xərclərini düşünür. Xaricə səyahətə gəlincə, büdcənin əhəmiyyətli bir hissəsini aviabiletin pulu tutur. Və burada sanki “rus ruleti” oyunu başlayır.
İstədiyimiz tarixə bilet tapa biləcəyik, yoxsa işimiz tərs gətirəcək? Niyə belə olur?
Havayollarının qiymət cədvəli niyə birjadakı oyuna bənzəyir – bir gün daha yüksək, o biri gün ucuz və heç bir səbəb də göstərilmədən… Qeyd edək ki, istənilən aviaşirkətin əsas vəzifəsi ilk növbədə gəlirli və rentabelli olmaqdır. Aviaşirkətlərin hər reysdən gəlir götürmək məqsədi çox normaldır. Bunun üçün “gəlirlərin idarə edilməsi” adlı müasir texnoloji strategiya tətbiq edirlər. Ancaq AZAL-ın qiymətlərinin nisbətən baha olması narazılıq doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, ölkəyə gəlmək üçün təhlükəsizlik məsələsindən sonra ən vacib amillərdən biri məhz gəlişin əlverişli və əlçatan olmasıdır:
“Hazırda Azərbaycana təyyarə biletlərinin qiymətləri yüksəkdir və bu, turistlərin qərarlarına ciddi şəkildə təsir göstərir. Bu baxımdan, əlbəttə, arzuolunandır ki, ölkəyə gəlişi daha əlçatan və sərfəli etmək üçün islahatlar həyata keçirilsin. Burada söhbət təkcə milli aviaşirkətimiz AZAL-ın qiymətləri aşağı salmasından və ya zərərlə işləməsindən getmir. Əsas məsələ qiymət siyasətinin yenidən nəzərdən keçirilməsi və ucuz hava daşıyıcılarının ölkəmizlə əməkdaşlığa cəlb edilməsidir”.
“Bundan başqa, Azərbaycanın yalnız Bakı deyil, Gəncə, Lənkəran və digər beynəlxalq hava limanları da səmərəli şəkildə işləməlidir. Bu limanlara ucuz hava daşıyıcılarının cəlb edilməsi ölkəyə giriş-çıxışın yalnız Bakıda mərkəzləşməsinin qarşısını alar və regionlara turist axınının artmasına səbəb olar. Nəticədə, bölgələrdə turizmin inkişafı və iqtisadi fəallığın artması üçün yeni imkanlar yaranar”, – deyə ekspert yekunlaşdırıb.