Soçidə dəhşətli ailə faciəsi baş verib. Yeniyetmə anasını öldürəndən sonra intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Soçi şəhərində 17 yaşlı məktəbli 48 yaşlı anası Yelenaya bıçaqla hücum edib və ona bir neçə zərbə endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Daha sonra o, həyətdə gəzintidə olan 11 yaşlı qardaşını evə çağıraraq ona da bir neçə bıçaq zərbəsi vurub. Lakin azyaşlı xilas olmağı bacarıb – o, mənzildən qaçaraq qonşuları köməyə çağırıb. Çox keçmədən yeniyetmə blokda intihar edib.
Qanlı hadisə zamanı yeniyetmənin 14 yaşlı bacısı və 43 yaşlı atası Daniil evdə olmayıblar: qız məktəbdə, ailə başçısı isə işdə olub.
KİV-in məlumatına görə, valideynlər uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edibmiş, bu səbəbdən onlar öz hesablarını gizlətməyə məcbur qalıblar. Bununla belə, qonşular ailənin orada yaşadığı müddətdə onlardan heç bir problem görmədiklərini bildiriblər.
Faktla bağlı qətl və qətlə cəhd maddələri ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az