AZ

Makron Fransanın Qrenlandiya və Danimarkanın suverenliyinə dəstəyini bir daha təsdiqləyib

Paris, 23 dekabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşdığı mesajda Danimarka və Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini yenidən ifadə edib. “Nuuk şəhərində olduğum zaman Fransanın Danimarka və Qrenlandiyanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulamışdım. Qrenlandiya onun xalqına məxsusdur. Danimarka isə bunun təminatçısıdır”, – deyə Makron yazıb və Avropalı tərəfdaşlarla birlikdə tam həmrəylik nümayiş etdirdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu açıqlama Makronun 2025-ci il iyunun 15-də Qrenlandiyaya rəsmi səfəri zamanı ifadə etdiyi mövqeyinin təsdiqi kimi qiymətləndirilir. Prezident Nuukda Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen və Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşmüşdü. Görüşlərdə Şimali Atlantika və Arktika regionunda təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi, enerji keçidi və kritik faydalı qazıntıların təminatı müzakirə olunmuşdu.

Makron çıxışında Avropa həmrəyliyi mesajı vermək istədiyini, Danimarka və Qrenlandiyanın suverenliyinə, siyasi seçimlərinə və sərhədlərinin toxunulmazlığına hörmət etdiyini vurğulamışdı.

Fransa Prezidentinin bu mövqeyi ABŞ Prezidenti Donald Trampın “ABŞ-ın milli təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var” bəyanatından sonra yaranan diplomatik gərginlik fonunda səsləndirilib. Vaşinqtonun Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsi də regiona diqqəti daha da artırıb.

Danimarka Krallığının tərkibində muxtar ərazi olan Qrenlandiya Arktikada strateji mövqeyə malikdir və böyük dövlətlər arasında geosiyasi rəqabətin gücləndiyi əsas bölgələrdən biri hesab olunur.

 

Seçilən
48
1
azertag.az

2Mənbələr