AZ

Sakinlər çətin vəziyyətdə: Şirvanda 9 mərtəbəli binada lift bir aydır işləmir… – VİDEO

Şirvan şəhəri, İstiqlaliyyət prospekti 23A ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasında liftin bir aydan çoxdur ki fəaliyyət göstərməməsi sakinlərin ciddi narazılığına səbəb olub.

Saytımıza müraciət edən bina sakinləri bildirirlər ki, liftin işləməməsi xüsusilə yaşlılar, xəstələr və azyaşlı övladı olan ailələr üçün böyük çətinlik yaradır.

Onların sözlərinə görə, gündəlik ehtiyaclarını qarşılamaq üçün dəfələrlə pilləkənlərlə qalxıb-düşmək məcburiyyətində qalırlar ki, bu da sağlamlıq baxımından ciddi çətinliklər yaradır.

Sakinlər qeyd edirlər ki, əvvəllər lift “Dost İş Mərkəzi” vasitəsilə çalışan Rəcəb adlı mütəxəssis tərəfindən nəzarətdə saxlanıldığı müddətdə heç bir problem yaşanmayıb. Həmin şəxsin işdən ayrılmasından sonra liftdə tez-tez nasazlıqlar yaranmağa başlayıb və hazırda bu sahədə peşəkar mütəxəssisin olmadığı iddia olunur.

Məsələ ilə bağlı Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirildi ki, problemdən xəbərdardırlar.

NOCOMMENT.az -a verilən məlumata görə, liftə baxan mütəxəssis tərəfindən texniki baxış keçirilib, nasazlığın aradan qaldırılması üçün zəruri avadanlıqlar artıq gətirilib və yaxın günlərdə liftin tam bərpası təmin ediləcək.

Eyni zamanda bildirilib ki, liftdə naməlum şəxslər tərəfindən kənar müdaxilələr edilir və bu hallar tez-tez nasazlıqların yaranmasına səbəb olur.

Sakinlər isə problemin daha tez həll olunmasını və liftin daimi nəzarətdə saxlanılmasını tələb edirlər.

Seçilən
47
nocomment.az

1Mənbələr