
ABŞ-da dənizdə qurulan külək elektrik stansiyalarının bir hissəsi müvəqqəti olaraq dayandırılıb. Donald Trump administrasiyası ölkənin şərq sahilləri boyunca inşa edilən beş iri miqyaslı dəniz külək layihəsi üzrə icarə müqavilələrinin icrasını dərhal dayandırdığını açıqlayıb.
Rəsmi açıqlamaya görə, bu qərar Pentagon tərəfindən müəyyən edildiyi deyilən milli təhlükəsizlik riskləri ilə əlaqələndirilir. Dayandırılma müddətinin nə qədər davam edəcəyi isə hələlik açıqlanmayıb.
Administrasiya bildirir ki, fasilə dövründə ABŞ Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə külək layihələrinin mümkün təhlükəsizlik risklərini və onların aradan qaldırılması yollarını qiymətləndirəcək. Bununla belə, konkret hansı risklərin mövcud olduğu açıqlanmayıb.
Qərar Massaçusets ştatında Vineyard Wind, Rod-Aylend və Konnektikutda Revolution Wind, Virciniyada Coastal Virginia Offshore Wind, eləcə də Nyu-York ştatında Sunrise Wind və Empire Wind layihələrini əhatə edir.
Külək enerjisi tərəfdarları bu addımı administrasiyanın bərpa olunan enerji mənbələrinə qarşı apardığı siyasətin növbəti mərhələsi kimi qiymətləndirirlər. Qeyd edək ki, bu qərar federal məhkəmənin Trampın külək enerjisi layihələrini bloklayan fərmanını qanunsuz saymasından cəmi iki həftə sonra verilib.
Mütəxəssislər bildirir ki, milli təhlükəsizlik arqumenti mümkün hüquqi etirazları çətinləşdirə bilər. Buna baxmayaraq, ekoloji təşkilatlar bu risklərin şişirdildiyini və qərarın ABŞ-ın təmiz enerji hədəflərinə zərbə vurduğunu deyirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta