“Siz məgər sevinmirsiniz ki, sizin gündəminiz Mirzə Cəlil, Sabir, məsciddə kitab imzalamaq olub? Bu gündəmin siqlətinə bax, indiki gündəmin siqlətinə bax”.
Kulis.az xəbər verir ki, bu sözləri şair Şəhriyar Del Gerani “Rövşanə ilə gündəm” verilişindəbugünkü gündəmlə əvvəlki dövrləri müqayisə edərək deyib. O, müasir sosial şəbəkə müzakirələrinin səviyyəsizliyinə də diqqət çəkib:
“İndiki gündəm biabırçılıqdır. Filankəs filankəsin döşünün arasına pul qoydu, filankəsin əlinə toyda filan qədər pul verdilər. Azərbaycanlılar bütün sosial şəbəkələrdə bunları müzakirə eləyir”.
Şair hesab edir ki, bu fonda klassik ədəbiyyatın gündəmə gətirilməsi qınanmalı deyil. O, özünün tənqid olunmasına münasibət bildirərək deyib:
“Şəhriyar pis eləyib "Molla Nəsrəddin"i gündəmə gətirib?”.
O, çıxışında şəxsi müşahidələrini də bölüşüb. Onun sözlərinə görə, Ukraynaya səfəri zamanı tam fərqli mənzərə ilə rastlaşıb:
“Ukraynaya gedəndə gördüm ki, radiolarda Səməd Vurğunla bağlı dediyim məsələləri müzakirə edirlər. 8–10 ay gündəmdə oldu”.
Şair daha sonra ədəbi nüfuzun inzibati və siyasi dəstəkdən asılı olmamalı olduğunu vurğulayıb:
“Səməd Vurğunun arxasından höküməti götürək. Mənim də kitabımı çıxaraq, Səməd Vurğunun da. Görək kimin kitabı ədəbi cameəyə daha çox sirayət edəcək”.