AZ

Zəngəzur dəhlizi qlobal maraqların kəsişməsində - Politoloqdan Açıqlama

Son günlər Zəngəzur dəhlizi ətrafında baş verən proseslər məsələnin artıq ideya və niyyət müstəvisindən çıxaraq praktik mərhələyə daxil olduğunu göstərir.

Bu barədə politoloq Tural İsmayılov News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan infrastruktur hazırlıqları, texniki müzakirələr və diplomatik təmaslar regional kommunikasiyaların açılmasının geri dönməz xarakter aldığını deməyə əsas verir. Politoloq bildirib ki, Bakı bu prosesdə emosional ritorikadan uzaq, ardıcıl və hüquqa söykənən mövqe sərgiləyir. Zəngəzur dəhlizi Azərbaycanın tələbi kimi deyil, 10 noyabr razılaşmasının məntiqi nəticəsi kimi təqdim olunur və bu yanaşma beynəlxalq müstəvidə də anlaşılandır.

 Tural İsmayılov qeyd edib ki, Zəngəzur dəhlizinin əsas geosiyasi əhəmiyyəti onun yalnız Azərbaycanı Naxçıvanla birləşdirməsi ilə məhdudlaşmır.

Onun fikrincə, bu xətt Türkiyə–Azərbaycan–Mərkəzi Asiya bağlantısını gücləndirir, Orta Dəhlizin funksionallığını artırır və regionu qlobal ticarət marşrutlarının real hissəsinə çevirir. Məhz bu səbəbdən layihə artıq regional yox, beynəlxalq maraqların kəsişdiyi nöqtəyə çevrilib. Politoloq Rusiya, Türkiyə, İran və Avropa aktorlarının prosesə artan diqqətini də bununla əlaqələndirib.

Ekspert vurğulayıb ki, Bakı bu məsələdə tələsmir, lakin geri də çəkilmir. Onun sözlərinə görə, bu, klassik dövlət davranışıdır: səbr, güc və hüquqi əsasların vəhdəti.

 Tural İsmayılov bildirib ki, nəticə etibarilə Zəngəzur dəhlizi artıq siyasi debat mövzusu deyil, regionun gələcəyini formalaşdıran struktur elementinə çevrilib və bu reallığa daha tez uyğunlaşan tərəf qazanan olacaq.

Seçilən
38
news365.az

1Mənbələr