AZ

2026-dan nə gözləyirik: arzular və ümidlər

Tolstoy “İnsan nə ilə yaşar” əsərində yazır:

“Mələk anlayır ki, insan gələcəyini bilsəydi, bu gün yaşamağın mənası qalmazdı. İnsan sabah nə olacağını bilmədiyi üçün ümid edir, çalışır, ailə qurur, övlad böyüdür. Məhz bu bilməmək ona yaşamaq gücü verir. Ümid insanı qorxudan deyil, onu ayaqda saxlayan bir hədiyyədir”.

Bu, bəlkə də gələcək və ümidlə bağlı ən dəqiq izahdır. İnsanın gələcəyi bilməməsi bir çatışmazlıq deyil, əksinə, Tanrının insana verdiyi ən böyük mərhəmətdir. Çünki insan ümidlə yaşayır, ümid isə onu hər gün yenidən həyata bağlayır.

2025-ci il başa çatır. Hər ilin sonunda növbəti il üçün dilək tutan, planlar quran, arzularının reallaşması üçün dua edən insanlar var. Ümidlər, hazırlıqlar, düşüncələr, keçmişin xatirələri… Bizi növbəti ilə daşıyan da məhz bunlardır. Bəzən əvvəlki ilin yükləri hələ də çiyinlərimizdə qalır. Və hər dəfə bu ağırlıq bir az da artır.

Pessimizm pandemiyadan da betərdir. Küçələrdə insanların üzündə yorğunluq, alınlarında saysız sual işarələri, gözlərində labirintlər görünür. İnsanlar artıq pozitiv olmaq üçün səbəb axtarmır; indi onlara kiçik bir bəhanə də kifayətdir ki, ondan yapışıb gələcəyə köklənsinlər, monotonluqdan çıxsınlar. Bəzən bir yalan həyat qurtarır, bəzən isə bir həqiqət dünyanı alt-üst edir.

2026-da nə olacaq? Baxışlar dəyişəcəkmi? Yaşayış arzuladığımız səviyyəyə çatacaqmı? Gözləntilərimizin reallaşması üçün lazım olan qədər səbir və inad göstərə biləcəyikmi? İnsan gələcəyi bilmir, amma bu, ona yaşamağa mane olmur. Ölkənin sərhədləri bağlı ola bilər, amma arzuların sərhədləri son nöqtəsinə qədər açıqdır.

Məqsədin, hədəfin pozitiv aurası var. O, insana yaşam enerjisi verir. Məqsədsiz yaşamaq insan üçün təhlükəlidir. Belə düşüncə tərzi səni səhvlərlə dolu bir bataqlığa sürükləyər və bir müddət sonra ora sənə gülüstanlıq kimi görünər, kök atarsan. Pozitiv hədəflərin ətrafında isə pozitiv enerji rəqs edər; səni hər an arzularına doğru aparar.

Tolstoy peyğəmbərcəsinə deyirdi ki, “insan yalnız özünü düşünməklə deyil, başqasına sevgi göstərməklə yaşayır.” Bəlkə də özü bu cümlənin sonuna qədər doğruluğuna inanmadı. Amma ona inanan insanların son dayaq nöqtəsi olan ümidlərini itirməməsi üçün bunu yazdı. Özünün bacarmadığı bir yolu insanlara göstərdi. Son ümidini, son nəfəsini isə bir dəmiryolu stansiyasında itirdi.

2026-cı il qapımızı tıqqıldadır. Heç nə vəd etmir, hər şeyi sirdir. Vədlər, arzular, hədəflər bizim beynimizdədir. Yaşayacaqlarımız, sürprizlər, enişlər və yoxuşlar isə növbəti ilin şifrəli boxçasındadır. O boxçadan nə çıxacağını isə əslində biz çoxdan müəyyənləşdirmişik. O boxçanı öz addımlarımızla, seçimlərimizlə, dürüstlüyümüzlə, yalanlarımızla, düşüncələrimizdəkilərlə doldurmuşuq. Biz özümüz o qutunu qablaşdırmışıq. Hər kəs o torbadan çıxanlara layiqdir.

Gəlin 2026-da elə bir həyat tərzi seçək ki, nə dünyanı, nə də başqalarını günahlandıraq. Yazıya sitatı ilə başladığım dahi belə demişdi: “İnsan öz ehtiyacını deyil, başqasının ehtiyacını düşündüyü zaman insan olur”.

Hər kəsə sevgi ilə. Çünki “sevgi olan yerdə Tanrı var, Tanrı olan yerdə isə həyat var”.

Elnur Məmmədli


Telegram kanalımız
Seçilən
53
yenisabah.az

1Mənbələr