ABŞ Prezidenti Donald Tramp "Qızıl Donanma" üçün yeni nəsil və son texnologiyalı döyüş gəmilərinin istehsalına başlayacaqlarını elan edib.
"Cebheinfo.az" xəbər verir ki, Milad bayramı tətilini Floridadakı Mar-a-Lago iqamətgahında keçirən Tramp burada jurnalistlərə verdiyi açıqlamada Amerika donanmasını əhəmiyyətli dərəcədə gücləndirəcək iki yeni nəsil döyüş gəmisinin tikintisinə qısa müddət ərzində başlanacağını bildirib.
"Tramp sinfi" adlandırılan döyüş gəmilərini "ABŞ tarixinin ən güclü döyüş gəmiləri" kimi xarakterizə edən Tramp oblatdan ilk ikisinin 2,5 il ərzində donanmaya təhvil veriləcəyini gözlədiklərini deyib:
"Buna "Qızıl Donanma" deyirik və Amerika Birləşmiş Ştatları Donanması üçün inşa edirik. Bu gəmilərə çox ehtiyacımız var. Donanmamızdakı bəzi gəmilər köhnəlib və artıq dövrünü başa vurub. Bu günə qədər tikdiyimiz ən böyük iki yeni döyüş gəmisinin inşasına icazə verdiyimi elan etməkdən böyük qürur duyuram".
Yeni döyüş gəmilərinin əvvəlki gəmilərdən "100 dəfə daha güclü" və ölçü baxımından da daha böyük olacağını qeyd edən Tramp onların son texnologiyalı top, raket və lazer sistemləri ilə təchiz ediləcəyini vurğulayıb.
Tramp, həmçinin bildirib ki, bu döyüş gəmiləri indiyə qədər istehsal edilmiş ən sürətli gəmilər olacaq və poladdan hazırlanacaq.
Sözügedən döyüş gəmilərinin Çinə qarşı istehsal olunmadığını iddia edən Tramp ABŞ-nin milli təhlükəsizliyini təhdid edən hər kəsə qarşı istifadə edilə biləcəyini, lakin heç vaxt istifadə olunmayacağına ümid etdiyini söyləyib.
ABŞ Donanma katibi Con Felon da yeni gəmilərin təxminən 30 min ton ağırlığında olacağını və donanmanın 20-25 ədəd yeni döyüş gəmisinə sahib olmasının planlaşdırıldığını bildirib.
Felon "Tramp sinfi" adlandırılan ilk gəminin nüvə silahı daşıyan, dənizdən buraxılan qanadlı raketlərlə təchiz olunacaq "USS Defiant" olacağını qeyd edib.