AZ

MİT məşhur terroçunu həbs ETDİ

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) DEAŞ terror təşkilatı daxilində yüksək vəzifəyə sahib Türkiyə vətəndaşını Pakistan-Əfqanıstan sərhəd bölgəsində saxlayaraq Türkiyəyə gətirib.

Qeyd olunub ki, şübhəli şəxs MİT dekabrın 22-də DEAŞ-ın fəaliyyətinin ifşa edilməsinə yönəlmiş kəşfiyyat əməliyyatları çərçivəsində saxlanılıb. Şəxsin Türkiyədən Əfqanıstan–Pakistan bölgəsinə getdiyi, burada terror qruplaşmasına qoşulduğu və təşkilatın sıralarında aktiv fəaliyyət apardığı iddia edilir.

Aparılan araşdırmalar şübhəlinin DEAŞ düşərgələrində təlim keçdiyini və sonradan “idarəedici mövqe” kimi xarakterizə etdiyi bir vəzifəyə yüksəldiyini üzə çıxarıb.

Kəşfiyyat qurumları şübhəlinin “Yahya” kod adı ilə tanınan Mehmet Gören olduğunu müəyyən edib.

Məlumata görə, M.Gören daha əvvəl saxlanılaraq Türkiyəyə gətirilmiş Özgür Altun (digər adı ilə “Əbu Yasir əl-Türki”) ilə birlikdə fəaliyyət göstərib.

M.Gören DEAŞ üzvlərinin Türkiyədən Əfqanıstan–Pakistan bölgəsinə daşınmasının təşkilində əsas fiqurlardan biri olmaqda ittiham olunur.

Təhlükəsizlik mənbələri bildiriblər ki, M.Gören Əfqanıstan, Pakistan, Türkiyə və Avropada mülki şəxsləri hədəf alan intihar hücumlarının həyata keçirilməsini qəbul edib və bu missiyanı üzərinə götürüb.

MİT tərəfindən aparılan genişmiqyaslı texniki və fiziki təqibdən sonra müəyyən edilib ki, M.Gören Pakistan ərazisində DEAŞ mövqelərinə qarşı həyata keçirilən hava zərbələrindən sağ çıxaraq gizlənib. Mənbələrin məlumatına görə, MİT onun yerini müəyyən etdikdən sonra saxlanılması və Türkiyəyə gətirilməsi məqsədilə xüsusi əməliyyat həyata keçirib.

M.Gören dindirilmə zamanı Özgür Altunla əlaqələri, DEAŞ daxilində aldığı silahlı və ideoloji hazırlıq, eləcə də intihar hücumlarının icrası ilə bağlı verilən tapşırıqlar barədə məlumat verib.

Bildirilib ki, MİT-in apardığı istintaq DEAŞ-ın Türkiyəyə qarşı planlaşdırdığı hücumların qarşısının alınmasına kömək edib. Araşdırma zamanı təşkilatın kadr cəlbetmə şəbəkələri ifşa olunub, əməliyyat planları ilə bağlı mühüm məlumatlar əldə edilib.

Seçilən
41
veteninfo.az

1Mənbələr