"Azərbaycan vətəndaşlarının hər birinin prezident kimi qəbul etdiyi İlham Əliyevi 24 dekabr doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıram".
Redaktor.az xəbər verir ki, bu barədə deputat Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışında bildirdi.
Deputat vurğulayıb ki, İlham Əliyevin fəaliyyətini ifadə edən üç əsas söz var: Vətən, Zəfər və Ləyaqət. O qeyd edib ki, müzəffər Ali Baş Komandan torpağı vətən edən, vətəni zəfərə çatdıran, zəfəri isə ləyaqət simvoluna çevirən liderdir. İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqaz yeni bir səmaya - silah səslərinin eşidilmədiyi səmaya şahidlik edir.
Azər Badamov əlavə edib ki, dövlət başçısının həm daxili, həm də xarici siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun əsas məqsədləri vətəndaşların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və xalqımızın dünyada qalib xalq kimi tanınmasını təmin etməkdir.
Deputat vurğulayıb ki, böyük zəfərdən sonra Azərbaycanda illər müxtəlif mövzulara həsr edilib - “Nizami Gəncəvi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Konstitusiya və Suverenlik ili” və qarşıdan gələn 2026-cı il isə “Şəhərsalma və Memarlıq ili” elan olunub. Bu, həm tarixi dəyərlərə, həm də müasir dünyanın çağırışlarına diqqətin göstəricisidir.
!İlham Əliyevin siyasəti humanizm, ədalət, xalqlararası dostluq, mədəni müxtəliflik, bədii memarlıq və tarixiliklə müasirliyin vəhdəti üzərində qurulub",- deyə o, yekunlaşdırıb.
Aminə ŞAHSUVARQIZI