AZ

"Aidiyyəti qurumlar üzərinə düşən vəzifələri tam yerinə yetirmir" - Deputat etiraz ETDİ

"Prezident tərəfindən sənədsiz obyektlərin sənədləşdirilməsi ilə bağlı əlavə tədbirlər imzalanıb və bunun məqsədi sahibkarların fəaliyyətini asanlaşdırmaq, iqtisadiyyata dəstək verməkdir. Lakin 18 mindən çox müraciətə baxmayaraq, yalnız təxminən 4-5 min obyekt sənədləşdirilib. Bu isə göstərir ki, hər beş sahibkardan dördü hələ də nəticə əldə edə bilmir".

Redaktor.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı bildirdi.

Razi Nurullayev bildirib ki, problemlər əsasən bürokratik mexanizmdədir: sənədlər bir idarədən digərinə göndərilir, razılıqlar gec verilir, sahibkar aylarla cavab gözləməli olur. Bu isə bank kreditlərinin alınmasına, obyektlərin satılmasına və iş yerlərinin açılmasına mənfi təsir göstərir.

Deputat prosedurların sadələşdirilməsi, cavab müddətlərinin konkret müəyyən edilməsi və portal qeydiyyatının vaxtının uzadılmasının vacibliyini vurğulayıb:

"Fərmanın məqsədi düzgün olsa da, icra mexanizmi zəifdir və aidiyyəti qurumlar üzərinə düşən vəzifələri tam yerinə yetirmir".

Razi Nurullayev ölkə boyu portal üzərindən qeydiyyatın vaxtının uzadılmasını və aidiyyəti qurumlarla bu məsələnin araşdırılmasını təklif edib, çünki problemin həlli sahibkarlar üçün də, ölkənin iqtisadi inkişafı üçün də vacibdir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
40
redaktor.az

1Mənbələr