AZ

"Azərbaycan parçalanmaq təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoyub"

"1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqilliyini itirmək və parçalanmaq təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoyub".

Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Deputat bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqilliyini itirmək və parçalanmaq təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoyub. Onun sözlərinə görə, Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi kursunu uğurla davam etdirə biləcək layiqli lider yetişdirməsi olub.

Ceyhun Məmmədov xatırladıb ki, ulu öndər Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində İlham Əliyevə böyük inam bəslədiyini açıq şəkildə ifadə edib və bu ümidlərin bu gün tam doğrulduğunu bildirib:

"Son 20 ilin ən böyük zirvəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir".

Deputat qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri Azərbaycan tarixində qızıl hərflərlə yazılıb, ölkəmiz və xalqımız qalib statusu qazanıb. Hazırda Prezidentin gərgin əməyi nəticəsində Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini deyən Ceyhun Məmmədov bu proseslərin dünya tərəfindən heyranlıqla izlənildiyini vurğulayıb.

Çıxışında dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqətə də toxunan deputat bildirib ki, bu gün dövlət büdcəsində təhsilə ayrılan vəsait prioritet yerlərdən birini tutur. Eyni zamanda İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanda dini dözümlülük və tolerantlığın ən yüksək səviyyədə təmin edildiyini qeyd edib.

Ceyhun Məmmədov vurğulayıb ki, son illər məscidlərin, ziyarətgahların, eləcə də yəhudi və xristian məbədlərinin bərpası və tikintisi ölkədə sağlam dini-mənəvi mühitin bariz nümunəsidir. O bildirib ki, 2003-cü ildən bu günədək dövlətin dəstəyi ilə 250-dən artıq məscid tikilib və ya bərpa olunub.

Aminə ŞAHSUVARQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr