Media eksperti və “Mefdiada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Müşfiq Ələsgərli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il Azərbaycan qeyri-hökumət təşkilatları üçün uğurlu il olub. Xüsusilə, Azərbaycan QHT-ləri artıq lokal və regional çərçivəni aşaraq qlobal gündəliyi formalaşdırmaq gücünü nümayiş etdirib.
QHT sədri qeyd edib ki, 2025-ci ilin ən mühüm nailiyyətlərindən biri Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platformasının yaradılmasıdır:
"Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” beynəlxalq konfransı müasir dövrdə vətəndaş cəmiyyətinin qlobal miqyasda öz təşəbbüsü ilə formalaşdırdığı mühüm platformaya çevrildi. İlk dəfə olaraq Qoşulmama Hərəkatına üzv 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələri bir platforma ətrafında birləşdi. Bu fakt Azərbaycan QHT-lərinin qlobal gündəlik formalaşdırmaq baxımdan gücünü nümayiş etdirdi. Platformanın daimi qərargahının Bakıda yerləşməsi ölkəmizi Qlobal Cənub QHT-lərinin əsas koordinasiya mərkəzinə çevirir".