"İl ərzində həyata keçirilən bütün işlər təsadüfi və xaotik deyil, əvvəlcədən müəyyənləşdirilmiş strategiya və sistemli fəaliyyət planı çərçivəsində ardıcıllıqla icra olunub.
Bu yanaşma həm resursların səmərəli istifadəsini təmin etmiş, həm də görülən işlərin dayanıqlı nəticələr verməsinə şərait yaradır.
İlk növbədə, il ərzində institusional islahatlar həyata keçirilmiş, idarəetmə strukturları optimallaşdırılaraq daha çevik, şəffaf və səmərəli idarəetmə modeli tətbiq olunub. Maliyyə intizamı gücləndirilmiş, əməkdaşların bacarıqlarının artırılması üçün təlim və inkişaf proqramları həyata keçirilmişdir. Bununla yanaşı, korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndirilmiş, daxili proseslər standartlaşdırılmışdır.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmış, iş mühitinin təhlükəsizliyi və sosial təminat mexanizmləri təkmilləşdirilib".
"Cebheinfo.az" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiinin İdarə Heyətinin sədri Rüfət Mahmud bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu il İçərişəhərdə bərpa və abadlıq istiqamətində sistemli işlər davam etdirildi. Tarixi məkanın bayır görünüşünün qorunması və vahid memarlıq siluetinin bərpası əsas prioritetlərdən biri oldu.
Neftçilər prospekti və Əziz Əliyev küçəsi boyunca bütün fasad və balkonlar bərpa olundu, uyğunsuz elementlər yığışdırıldı.
Giriş hissəsində köşkün sökülməsi ilə yol açılaraq daha estetik və səliqəli giriş məkanı formalaşdırıldı.
Neftçilər prospektindən başlayaraq Qız Qalasına qədər bir sıra keçid və giriş nöqtələrində panduslar quraşdırıldı: "Beləliklə, İçərişəhərin ətrafında fiziki əlçatanlıq və inklüzivlik təmin olundu. Bu xüsusi layihə Formula 1-in dəstəyi ilə həyata keçirilib və biz həmin əməkdaşlığa görə təşəkkürümüzü bildiririk. İşlər davam etdirilir və növbəti mərhələnin layihələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə müzakirə olunur.
İçərişəhərin daxilində də mühüm tədbirlər görülüb. Plastiklə örtülmüş bir necə balkon və pencərələr orijinal görünüşünə qaytarılıb, 50-yə yaxın dam örtüyünün təmiri aparılıb, üç binanın fasadı yenilənib, baxımsız ərazilər təmizlənib. Burada görülən işlərə verdiyi dəstəyə bə bizim görə Bakı Abadlıq xidmətinə minnətdarlığımı bildirirəm.
Bundan əlavə, ərazidə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Mövcud nişanlar yenilənərək vahid standartlara uyğunlaşdırılmış, parklanma qaydalarının tətbiqi və nəzarət sistemi mərhələli şəkildə nizama salınmaqdadır.
Bu prosesdə göstərdiyi peşəkar dəstəyə görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə – “AYNA”ya xüsusi təşəkkürümüzü bildiririk. Bu əməkdaşlıq tarixi məkanda nəqliyyat hərəkətinin mədəni şəkildə tənzimlənməsinə mühüm töhfə verib".
Ərazidə mühüm kommunal-infrastruktur tədbirləri də görülüb. Belə ki, Qala divarının bir hissəsinə yaxın ərazidə uzun illər ərzində yağış və yeraltı sular yığılaraq gölməçə əmələ gətirirdi və bu, divarın dayanıqlığı üçün ciddi təhlükə yaradırdı.
Nazirlər Kabinetinin tapşırığı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ADSEA” ASC tərəfindən təcili müdaxilə tədbirləri həyata keçirilmiş, aparılan araşdırmalar nəticəsində sızmanın mənbəyi müəyyən edilərək tamamilə bağlanıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qısa müddət ərzində ərazidə yerləşən sayğac qutuları, eləcə də zəruri sahələrdə sayğacların özləri yenilənmiş, vizual baxımdan eybəcər görüntü yaradan açıq boru xətləri səliqəyə salınıb:
"Hazırda digər mühüm infrastruktur xətlərinin mərhələli şəkildə yenilənməsi məqsədilə “Azersu” ASC və “Azərişıq” ASC ilə müzakirələr aparılır. Bu proses tarixi mühitin qorunması və müasir kommunal xidmətlərin təhlükəsiz şəkildə təşkil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu il İçərişəhərin mühüm tarixi nüvəsini təşkil edən qala divarlarında bərpa işləri aparılmış, zədələnmiş sahələr möhkəmləndirilmiş, daş konstruksiyalar təmizlənmişdir. Paralel olaraq, karvansarayların bərpası üzrə mərhələli işlər görülməkdədir.
Eyni zamanda, Qoruq İdarəsi tərəfindən ərazidə yeni yaşıllıq və gül-çiçək zolaqları salınır".
İl ərzində mədəni həyat xüsusi diqqət mərkəzində saxlanılıb. 2025-ci ildə İçərişəhərdə 40-dan artıq mədəni tədbir, sərgi və festival, elmi kondfranslar təşkil edilib. Ziyarətçi sayında təxminən 5–10% artım qeydə alınıb ki, bu da həm mədəni turizmin genişlənməsinə, həm də şəhər iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verib.