Milli Məclisin payız sessiyası çərçivəsində deputat Tural Gəncəliyev çıxışında 2003-cü ildən etibarən Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o bildirib ki, bu dövr yalnız bir zaman kəsimi deyil, eyni zamanda ölkənin taleyini dəyişən bir mərhələdir.
"Dəyişimin mərkəzində qətiyyət, siyasi iradə və milli məsuliyyət durur".
Deputat qeyd edib ki, iqtisadi sahədə görülən tədbirlər Azərbaycanın gələcəyini möhkəmləndirib.
"Enerji resursları sadəcə ixrac predmetinə çevrilməyib, dövlətin dayağına çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirib. Hazırda ölkə yaşıl enerji gündəliyi ilə yeni mərhələyə qədəm qoyur".
Tural Gəncəliyev həmçinin işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinin önəmini vurğulayıb.
O deyib ki, dağıdılmış şəhərlər yenidən dirçəlir, yollar çəkilir, məktəblər və xəstəxanalar tikilir.
“Böyük Qayıdış təkcə fiziki deyil, mənəvi qayıdışdır. Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi, logistika və enerji mərkəzinə çevrilir”, – deputat əlavə edib.
Afət ZİYADQIZI