AZ

Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Milli Məclisin deputatı Vüqar Bayramov payız sessiyası üzrə növbəti plenar iclasda çıxışı zamanı son illərdə Azərbaycanın iqtisadi inkişafı və Qarabağ ilə Şərqi Zəngəzurun bərpası ilə bağlı məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manatdan artıq vəsait ayrılıb və həmin ərazilərdə artıq 65 min vətəndaş məskunlaşıb, işləyir və yaşayır.

Vüqar Bayramov həmçinin qeyd edib ki, son 22 il ərzində Azərbaycan iqtisadiyyatı dörd dəfə böyüyüb.

"Qlobal iqtisadi artımla müqayisədə isə Azərbaycanın ÜDM-i həmin dövrdə daha sürətlə artıb. Qlobal ÜDM 39,3 trilyon dollardan 113,8 trilyon dollara yüksələrək 2,9 dəfə artmışdır. Bu isə göstərir ki, Azərbaycanın iqtisadiyyatı qlobal iqtisadi artımla müqayisədə 100 faizdən çox sürətlə böyüyüb".

Deputat əlavə edib ki, eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi 9,4 trilyon dollardan 33 trilyon dollara qədər yüksəlsə də, Azərbaycan ticarət dövriyyəsindəki artım qlobal göstəricidən təxminən dörd dəfə yüksək olub.

Vüqar Bayramov vurğulayıb ki, büdcə gəlirlərimizdə 30 dəfədən çox artım qeydə alınıb və dövlət rezervləri 2 milyard dollardan 80 milyard dollara qədər yüksəlib. Bu isə Azərbaycanın iqtisadi qüdrətinin və maliyyə dayanıqlığının bariz göstəricisidir.

Afət ZİYADQIZI

 
Seçilən
2
operativmm.az

1Mənbələr