AZ

ABŞ xarici istehsal olan dronların və ehtiyat hissələrinin satışını qadağan etdi- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə xarici istehsal olan pilotsuz uçuş aparatlarının (PUA) və onların ehtiyat hissələrinin idxalını və satışını qadağan edib. Qərarın əsas səbəbi bu texnologiyaların ABŞ-ın milli təhlükəsizliyinə yaratdığı risklərlə əlaqələndirilir. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Federal Rabitə Komissiyası (FCC) məlumat yayıb.
Komissiyanın açıqlamasında bildirilir ki, digər ölkələrdə istehsal olunan PUA-lar və onlara aid mühüm detallar ABŞ-ın milli təhlükəsizliyi və vətəndaşların təhlükəsizliyi üçün qəbuledilməz təhdid yaradır. Bu səbəbdən həmin qurğular FCC-dən müvafiq icazə ala bilməyəcək və ABŞ ərazisinə idxalı, istifadəsi və satışı qadağan olunacaq.
Qeyd olunur ki, FCC xarici dronları və onların ehtiyat hissələrini milli təhlükəsizliyə təhlükə yaradan rabitə texnologiyalarının siyahısına (Covered List) daxil edib. Bununla belə, ABŞ Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən ayrıca təsdiq edilən cihazlar və ehtiyat hissələri istisna təşkil edəcək.
Komissiya əlavə edib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ABŞ-da yaxın illərdə keçiriləcək kütləvi tədbirlərlə də bağlıdır. Xüsusilə, 2026-cı il futbol üzrə dünya çempionatı və 2028-ci il Yay Olimpiya Oyunları bu qərarın verilməsində nəzərə alınan amillər sırasındadır. Eyni zamanda, qadağanın ABŞ-da yerli dron istehsalının inkişafına töhfə verəcəyi vurğulanıb.
FCC bildirib ki, qadağa artıq alınmış dronlara şamil edilmir. Vətəndaşlar əvvəllər aldıqları cihazlardan istifadəni davam etdirə biləcəklər. Həmçinin, siyahı yenilənməzdən əvvəl komissiya tərəfindən təsdiqlənmiş dron modellərinin mağazalar tərəfindən alınması və satışı mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
olaylar.az

1Mənbələr