AZ

Cəmiyyətin ən həssas nöqtəsindən vurmaq ... Şəfqətin istismarı: Sosial mediada vicdansızlıq sindromu

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Cəmiyyətin ən həssas nöqtəsi haradırsa, dələduzluq da məhz oradan baş qaldırır. Xəstə uşaqlar, köməyə möhtac körpələr, valideynlərin çarəsiz baxışları bunlar insanı susdura, düşünmədən yardım etməyə vadar edən görüntülərdir. Təəssüf ki, bu saf hissləri öz şəxsi maraqları üçün alətə çevirənlər də tapılır.

Son günlər Daxili İşlər Nazirliyinin yaydığı məlumat cəmiyyətdə haqlı narahatlıq doğurdu. Sosial şəbəkələrdə “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım” kimi səhifələr vasitəsilə guya ağır xəstə uşaqlar üçün ianə toplayan bir şəxsin, Rəsul Həsənovun əslində insanların mərhəmətini istismar etdiyi üzə çıxdı. Emosional musiqi, təsirli mətnlər, ürəkdağlayan görüntülər… və nəticədə 200 min manata yaxın vəsait. Amma bu pul nə müalicəyə, nə də ailələrə çatdı.

Bu hadisə təkcə bir nəfərin dələduzluğu deyil. Bu, sosial şəbəkələrdə nəzarətsiz “yardım çağırışları”nın nə qədər təhlükəli olduğunu göstərən acı nümunədir. İnsanlar yaxşı niyyətlə, bəzən son pullarını göndərərək xeyirxahlıq etdiklərini düşünürlər. Amma bir dəfə aldadıldıqdan sonra nə baş verir? Ən böyük zərbə gələcəkdə həqiqətən köməyə ehtiyacı olan uşaqlara dəyir. Cəmiyyət şübhələnməyə başlayır, yardım əlləri geri çəkilir.

Burada həm hüquqi, həm də mənəvi məsuliyyət məsələsi var. Hüquqi tərəfi dövlət orqanları araşdırır, amma mənəvi tərəfi hamımız düşünməliyik. Sosial mediada paylaşım etməzdən, ianə göndərməzdən əvvəl sual vermək, mənbəni yoxlamaq, rəsmi fondlara üstünlük vermək artıq seçim yox, zərurətdir.

Şəfqət müqəddəs hissdir. Onu alver predmetinə çevirmək isə ən ağır vicdansızlıqlardan biridir. Bu cür faktların ifşası bir tərəfdən sevindiricidir, digər tərəfdən isə xəbərdarlıqdır ki, mərhəmət kor olmamalıdır. Əks halda, xeyirxahlıq adı altında edilən dələduzluqlar davam edəcək, cəmiyyət isə hər dəfə bir az da sərtləşəcək.

Leyla Mirzə. Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
icma.az

1Mənbələr