Son həftələr Ukrayna müharibəsinin geosiyasi miqyasının böyüməsi nəticəsində daha mürəkkəb təhlükəsizlik situasiyası yaranıb.
Belə ki, yeni potensial münaqişə Qara dəniz və Xəzərə proyeksiya olunur. Ukrayna Rusiyanın Xəzər və Qara dənizlərdəki obyektlərini hədəfə alır. Müharibənin su sərhədlərinə keçirilməsində məqsəd Rusiyanın Ukraynaya ağır şərtlərindən çəkindirmək məqsədi daşıyır. Amma bu Rusiya və İranla bərabər Xəzər dənizinin sərhədlərini bölüşən Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün yeni situasiyadır və ciddi müzakirələr tələb edir.
NOCOMMENT.az-ın verdiyi məlumata görə, “Bloomberg” bildirir ki, Ukrayna Xəzər dənizindəki “Lukoil” neft platformasına ən azı dörd dron hücumu həyata keçirib. Hücumlar 20-dən çox neft quyusunda əməliyyatların dayanmasına səbəb olub. Sözügedən neft yatağı Rusiyanı ildə təxminən 6 milyon ton neftlə təmin edir ki, bu da ölkənin daxili istehsalının təxminən 8 faizini təşkil edir. Rusiya qoşunları Ukrayna müharibəsi zamanı, xüsusən 2023-cü ilin may-iyun aylarında Kiyevə Xəzər dənizindən qanadlı raketlər istifadə edərək zərbələr endirib, bu hücumlarda Kiyevdəki hərbi obyektlər və infrastruktur hədəf alınıb. Gərginlik artdıqca Rusiya İranı Xəzər dənizindəki hərbi əməliyyatlara qarşı birgə hərbi mövqe sərgiləməsini istəyə bilər. Ekspertlərə görə isə Tehran razılaşarsa, bu daha təhlükəli situasiya yarada bilər.
Belə olan təqdirdə ortaya önəmli bir sual çıxır: Ukrayna müharibəsinin Qara dənizdən Xəzər hövzəsinə doğru genişlənməsi, Ukraynanın Rusiyanın Xəzər və Qara dənizlərdəki enerji və hərbi obyektlərini hədəfə alması, eləcə də bu prosesdə Qərbin dolayı rolu fonunda yaranan yeni təhlükəsizlik reallığını necə qiymətləndirirsiniz? Sizcə, müharibənin Xəzərə proyeksiya olunması Rusiya və İranla yanaşı, Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün hansı real riskləri yaradır və xüsusilə Bakı, Astana və Aşqabad bu ssenariyə qarşı hansı qabaqlayıcı siyasi, diplomatik və təhlükəsizlik addımlarını atmalıdır?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Xəzər dənizinin də müharibə arealına çevrilməsi, əlbəttə ki, xoşagəlməz və narahatedici hadisədir:
“Xüsusilə də uzun illər nisbətən sabit və qapalı təhlükəsizlik məkanı kimi qəbul edilən Xəzər hövzəsinin böyük güclərin hərbi manevr zonasına çevrilməsi regional balans baxımından ciddi risklər yarada bilər. Bununla belə, baş verən son hadisələrin Azərbaycan və digər Xəzəryanı ölkələr üçün birbaşa hərbi təhlükə yaratmadığı da aydın görünür. Çünki mövcud situasiya regional dövlətlərə qarşı yönəlmiş eskalasiya deyil, Rusiyanın müharibəni yeni coğrafi müstəvilərə daşımaq cəhdinin nəticəsidir. Bu günə qədər Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz uçuş aparatlarının və raketlərin bir qisminin Polşa, Rumıniya, Baltik ölkələri, hətta Türkiyə ərazisində qeydə alınması bunu açıq şəkildə sübut edir. Bu faktlar göstərir ki, Moskva müharibə apararkən beynəlxalq hava və dəniz təhlükəsizliyi normalarını faktiki olaraq nəzərə almır və NATO üzvü olan ölkələrin belə hava məkanını risk altına salmaqdan çəkinmir. Bu isə Rusiyanın məsuliyyətsiz və təhlükəli hərbi davranış modelinin göstəricisidir”.
Onun sözlərinə görə, Ukraynanın cavab addımları isə sırf müdafiə xarakteri daşıyır:
“Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, Rusiyanın hücum imkanlarını məhdudlaşdırmaq üçün istifadə olunan hərbi tədbirlər beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir. Rusiya isə Xəzər dənizi üzərindən dəfələrlə Ukrayna şəhərlərinə, mülki infrastruktura və enerji obyektlərinə zərbələr endirib. Bu marşrut Moskva üçün “təhlükəsiz məsafədən hücum” vasitəsi rolunu oynayıb və Kreml uzun müddət bu üstünlükdən sui-istifadə edib. Bundan əvvəl Qara dənizdə baş verən hərbi gərginliklər də Rusiyanın dəniz məkanında eskalasiyaya meyilli olduğunu göstərmişdi. Türkiyəyə məxsus gəminin zərər görməsi və mülki tankerə zərbə endirilməsi Rusiyanın artıq müharibəni yalnız Ukrayna ilə məhdudlaşdırmadığını, regional və beynəlxalq ticarət marşrutlarını da təhlükə altına atdığını ortaya qoydu. Tankerin Rusiya tərəfindən vurulması onu göstərir ki, Kreml üçün neytral status anlayışı getdikcə əhəmiyyətini itirir”.
Şərhçi bildirib ki, bu kontekstdə müharibənin quru ərazilərdən dəniz və su sərhədlərinə keçməsi Rusiyanın strateji zəifliyinin də göstəricisidir:
“Çünki quru cəbhəsində istədiyi nəticəni əldə edə bilməyən Moskva təzyiq rıçaqlarını genişləndirməyə çalışır. Lakin bu yanaşma əks effekt verir: dəniz yollarının risk altına düşməsi Rusiyanın öz enerji ixracını, neft və qaz daşımalarını, eləcə də beynəlxalq sığorta və logistika sistemlərində mövqeyini daha da zəiflədir. Eyni zamanda, bu proses ABŞ–Rusiya arasında mümkün siyasi sövdələşmələrin müzakirə edildiyi bir mərhələdə Qərbin Avropa qanadı ilə Ukrayna arasında Moskva əleyhinə mövqelərin daha da sərtləşdiyini göstərir. Avropa ölkələri artıq anlayır ki, Rusiyanın “təhlükəsizlik narahatlıqları” adı altında apardığı siyasət əslində Avropanın öz təhlükəsizliyini təhdid edir. Buna görə də Ukraynaya hərbi və texnoloji dəstəyin genişləndirilməsi gündəmdədir. Nəticə etibarilə, Xəzər və Qara dənizdə artan hərbi aktivlik Rusiyanın güc nümayişindən daha çox, strateji çıxılmazlığının əlamətidir. Kreml müharibəni nə qədər genişləndirməyə çalışsa da, bu, onun beynəlxalq mövqelərini zəiflətməkdən və yeni siyasi izolyasiya dalğası yaratmaqdan başqa nəticə vermir. Bu reallıq Rusiyanın özü üçün də ciddi xəbərdarlıq siqnalı olmalıdır”.