AZ

Naxçıvanda 19 dövlət qurumu mühafizə olunan “AzsateNet” internet xidmətindən istifadəyə başlayıb

Naxçıvan, 23 dekabr, AZƏRTAC

Muxtar respublika ərazisində “AzstateNet” şəbəkəsinin genişləndirilməsi məqsədilə 43 min 500 metr xüsusi rabitə xətləri çəkilib, xüsusi radiorabitə şəbəkəsinin təmin edilməsi məqsədilə 12 bazastansiya quraşdırılıb. Təhlükəsizlik tələblərinə cavab verməyən 47 dövlət informasiya resursu yenilənərək Xidmətin data mərkəzində saxlanılması təmin edilib, 19 dövlət qurumu mühafizə olunan “AzsateNet” dövlət internet xidmətindən istifadəyə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenat İlqar Musayev Naxçıvanda keçirilən Dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət informasiya sistemləri üzrə ümumilikdə 51 audit yoxlama tədbirləri həyata keçirilib, onun da 6-sı bu il olub: "Statistika göstərir ki, həyata keçirilən işlər hələlik burada fəaliyyət göstərən bütün qurumları tam əhatə etmir. Bu gün burada toplaşmağımızın əsas məqsədlərindən biri mövcud çatışmazlıqlarla yerində tanış olmaq, problemləri öyrənmək və informasiya təhlükəsizliyinin təmin olunması üçün Naxçıvan Muxtar Respublikası dövlət qurumlarına mümkün dəstəyi göstərməkdir".

"Bildiyiniz kimi, Xidmət 24/7 rejimində nəzarət perimetrinə aid dövlət informasiya ehtiyatlarını monitorinq edir, eyni zamanda, baş verən kiberhücumların vektorlarını və məqsədlərini mütəmadi olaraq təhlil edir. Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin siyasi və diplomatik uğurları bəzi ölkələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır və bu hal artıq kiberhücumların istiqamət və məqsədlərində də özünü göstərməkdədir. Son dövrlərdə dövlət qurumlarına qarşı siyasi motivli kiberhücumların sayı artmışdır. Bu hücumların əsas hədəfi bir çox hallarda birbaşa informasiya sistemləri deyil, informasiya daşıyıcıları olan insan amilidir. Hazırda bu istiqamətdə aparılmış təhlillər əsasında xüsusi hesabat hazırlanıb və aidiyyəti üzrə təqdim olunub", - deyə İlqar Musayev əlavə edib.

 

Seçilən
39
2
azertag.az

3Mənbələr