AZ

Ukraynada müdafiə sənayesində genişmiqyaslı auditə start verilib- ÖZƏL

Ukraynada müdafiə-sənaye kompleksini əhatə edən genişmiqyaslı dövlət auditi başlayır. Ukrayna Dövlət Audit Xidməti 86 müdafiə-sənaye subyekti və Müdafiə Nazirliyinə tabe olan 2 dövlət müəssisəsində yoxlamalar aparacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Audit Xidmətinin sədri Alla Basalayeva məlumat verib. Onun sözlərinə görə, audit silahların istehsalı və satınalınması ilə məşğul olan müəssisələri, eləcə də Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Satınalmaları Agentliyini və Dövlət Arxa Cəbhə Operatorunu əhatə edəcək. Yoxlamalara təxminən 500 auditor cəlb olunub.
Məlumata görə, auditin aparılması ilə bağlı tapşırıq Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən ölkədə müdafiə sahəsində baş verən genişmiqyaslı korrupsiya qalmaqalından sonra verilib. Qalmaqal çərçivəsində yüksək vəzifəli məmurların, xüsusilə dövlət satınalmaları zamanı korrupsiya hallarına cəlb oluna biləcəyi barədə məlumatlar yayılıb.
Alla Basalayeva xatırladıb ki, 2023-cü ildə Müdafiə Nazirliyində aparılan əvvəlki yoxlamalar səs-küylü cinayət işlərinin açılmasına, bir sıra vəzifəli şəxslərin işdən azad edilməsinə və yerinə yetirilməmiş müqavilələrə görə məhkəmə yolu ilə milyonlarla vəsaitin geri qaytarılmasına səbəb olub. Həmin dövrdə audit orqanı ciddi təzyiqlərlə üzləşib və qurum indiki audit zamanı da oxşar təzyiqlərin ola biləcəyini istisna etmir.
Qeyd olunur ki, Dövlət Audit Xidməti yoxlamaların gedişi barədə hökuməti hər ay aralıq nəticələrlə məlumatlandıracaq, yekun hesabat isə audit tam başa çatdıqdan sonra təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr