AZ

Daha çox rəngi görə bilən insanlar fenomeni kəşf edilib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Alimlər bəzi insanların digərlərindən daha çox rəngi görə bilməsi ilə bağlı nadir bir fenomenin mahiyyətini anlamağa getdikcə daha da yaxınlaşırlar. Söhbət tetraxromiyadan gedir — görmənin unikal bir xüsusiyyəti olub, əksər insanların fərqinə vara bilmədiyi çalarları ayırd etməyə imkan verir.

Bizimyol.info xəbər verir ki, tədqiqatçıların izahına görə, insanların böyük əksəriyyəti trixromatdır: onların görməsi gözün torlu qişasında yerləşən və qırmızı, yaşıl və mavi işığa həssas olan üç növ konus hüceyrəsinin fəaliyyəti üzərində qurulub. Lakin əhalinin kiçik bir hissəsində doğuşdan etibarən dördüncü növ konus hüceyrəsi mövcuddur. Məhz bu xüsusiyyət əlavə bir rəng diapazonunu qavramağa imkan yaradır.

Sasseks Universitetindən neyroalim Cennı Bosten qeyd edir ki, tetraxromatın dünyanı necə gördüyünü adi bir insana birbaşa “göstərmək” mümkün deyil. Alimlər yalnız başqaları üçün eyni görünən rəngləri fərqləndirmə qabiliyyətinə əsasən bu insanları müəyyən edə bilirlər.

Təcrübələrdən birində tetraxromiyaya genetik meyli olan 24 qadın bir sıra testlərdən keçirilib. Onlardan yalnız biri digərlərinin fərqinə varmadığı hallarda rəng fərqlərini ardıcıl şəkildə ayırd edə bilib. Bu isə insanlarda tetraxromiyanın mövcudluğuna dair ən inandırıcı sübutlardan biri sayılır.

Bununla belə, dördüncü növ konus hüceyrəsinin olması hər zaman genişlənmiş rəng qavrayışı demək deyil. Əgər onun spektri digər konuslardan birinə çox yaxın olarsa, beyin əlavə siqnalı emal etməyə bilər. Burada mühit də mühüm rol oynayır: insanın böyüdüyü və yaşadığı şərait çalarlara olan həssaslığa təsir göstərə bilər.

Tetraxromatlar isə dünyanı fərqli təsvir edirlər: ağ səthlər onlara çoxqatlı və parıltılı görünür, kölgələr qeyri-adi çalarlar alır, boz sahələr isə mürəkkəb rəng mozaikasına bənzəyir.

Bu effekti öyrənmək üçün alimlər yeni alətlər hazırlayırlar. Məsələn, Kaliforniya Universitetinin Berkli kampusunda adi rəng məkanını genişləndirən dördölçülü rəng modeli yaradılıb. Həmçinin standart üç rəng əvəzinə dörd rəngdən istifadə etməklə şəkillərin çapı üzrə təcrübələr aparılır ki, bu da tetraxromiyaya malik insanları daha dəqiq müəyyən etməyə kömək edə bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu fenomenin daha dərindən araşdırılması insan beyninin vizual təcrübəni necə formalaşdırdığını daha yaxşı anlamağa imkan verəcək və bəlkə də indiyədək yalnız azsaylı insanların görə bildiyi “gizli rəng spektri”nə yol açacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
icma.az

1Mənbələr