Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cahid Kərimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: İstintaq materiallarına əsasən, Cahid Kərimov 19 iyun 2025-ci il tarixdə səhər saat 08 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə olan zərərçəkmiş Günayə Camalovaya (adı, soyadı şərtidir) hücum edib.
Belə ki, o, qadına qəsdən yumruq və ayaq zərbələri endirərək onu yerə yıxıb, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın həyata keçirib. Nəticədə zərərçəkmiş şəxsə sağ və sol göz qapaqları, yanaqlar və boyun nahiyələrində qançırlar, üz nahiyəsinin bərk əzilməsi kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirilib. Daha sonra Cahid Günayənin qulağında olan, hər biri 500 manat dəyərində olan bir cüt qızıl qadın sırğasını açaraq talayıb və hadisə yerindən qaçıb.
Məhkəmə istintaqı zamanı Cahid Kərimov özünü təqsirli bilməyərək deyib ki, hadisə günü özünü psixoloji baxımdan pis hiss edib və zərərçəkmiş şəxsi əvvəlcədən tanımayıb. Onun sözlərinə görə, qadına kömək etmək niyyəti ilə yaxınlaşıb, sırğaları isə götürməyib. Təqsirləndirilən şəxs həmçinin əvvəllər narkotik vasitə istifadə etdiyini, lakin hadisə günü narkotik qəbul etmədiyini iddia edib.
Günayə Camalova isə ifadəsində göstərib ki, səhər tezdən qonşusu ilə birlikdə işə hazırlaşarkən təqsirləndirilən şəxs ona yaxınlaşıb və kömək təklif edib. Daha sonra ona hücum edərək arxadan vurub yerə yıxıb, təhqiramiz ifadələr işlədərək yumruq və təpiklə döyüb. Yoldan keçən şəxsin müdaxiləsindən sonra təqsirləndirilən şəxs zərərçəkmişin qulağındakı sırğaları götürərək hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxs bildirib ki, sonradan tərəflər arasında barışıq əldə olunub və ona dəymiş maddi ziyan ödənilib.
Kamal Məmmədov